Bakı. Trend:
Koreya Xalq Demokratik Respublikasının (KXDR) Raketqayırma Baş İdarəsinin Ballistik Raket Sistemləri İnstitutu və Döyüş Başlıqları İnstitutu oktyabrın 31-də taktiki ballistik raketin kaset tipli döyüş başlığının döyüş şəraitində tətbiq imkanlarını və dağıdıcı gücünü qiymətləndirmək məqsədilə sınaq keçirib.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Agentliyin məlumatına görə, sınaq nəticəsində standart tipli 2 nömrəli kaset döyüş başlığının yüksək dağıdıcı sıxlıq hesabına 12-13 hektar ərazini əhatə edən hədəfi məhv etmək qabiliyyətinə malik olduğu təsdiqlənib.
Raketqayırma Baş İdarəsinin rəisi qeyd edib: “Biz kaset tipli döyüş başlıqlarını xüsusi təyinatlı döyüş başlığına və dörd standart tipli döyüş başlığına ayırırıq. Cari ildə bölmələrin əməliyyat məqsədlərini və məhv ediləcək obyektin xüsusiyyətlərini nəzərə alaraq bu döyüş başlıqlarının hamısını seçib istifadə edə bilməsini təmin edəcəyik”.
Raketqayırma Baş İdarəsi bildirib ki, bu sınaq döyüş sistemlərinin gücünü artırmaq məqsədilə aparılan müntəzəm elmi-tədqiqat fəaliyyəti çərçivəsində keçirilib.
