Bolqarıstanda bu gün prezident seçkilərinin ikinci turu keçiriləcək

Dünya xəbərləri Xəbər 1 Noyabr 2026 01:45 (UTC +04:00)
Bolqarıstanda bu gün prezident seçkilərinin ikinci turu keçiriləcək
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Bolqarıstanda bu gün prezident və vitse-prezident seçkilərinin ikinci turu keçiriləcək. Yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00) ölkədə 12 mindən çox seçki məntəqəsi açılacaq. Saat 20:00-dək (Bakı vaxtı ilə 22:00) təxminən 6,6 milyon seçici səsvermə hüququna malikdir. Xaricdə daimi yaşayan və ya turist səfərində olan Bolqarıstan vətəndaşları üçün dünyanın 60 ölkəsində əlavə seçki məntəqələri açılacaq.

Bolqarıstan Prezidenti ümumxalq səsverməsi yolu ilə beş il müddətinə seçilir və bu vəzifəni ardıcıl olaraq iki müddətdən artıq tuta bilməz. Vitse-prezident də prezidentlə eyni vaxtda seçilir. Seçkilərin ikinci turunda seçicilərin ən çox dəstəyini qazanmış namizədlər – İliyana Yotova və Kiril Vılçev, həmçinin Andrey Gürov və Georgi Kandev iştirak edirlər. Qalib gəlmək üçün seçicilərin sadə səs çoxluğunu qazanmaq kifayətdir.

Prezident seçki kampaniyası çərçivəsində ilk dəfə Bolqarıstan Milli Televiziyasının efirində ölkənin ali dövlət vəzifəsinə namizədlər – hazırkı prezident İliyana Yotova və keçmiş texniki hökumətin baş naziri, Bolqarıstan Xalq Bankının keçmiş sədr müavini Andrey Gürov arasında debat keçirilib.

Namizədlər ünvanlanan sualların əksəriyyəti üzrə fərqli mövqelər səsləndiriblər. Əsas müzakirə mövzularından biri Ukraynadakı münaqişənin həllinə yanaşma olub. Yotova vurğulayıb ki, “əsl sülh sazişi və müharibənin dayandırılması barədə razılaşma əldə olunmalıdır”. Onun sözlərinə görə, Rusiya da bu sazişin hazırlanmasında iştirak etməlidir.

“Güc yolu ilə sülhə nail olmaq mümkün deyil. Sülhə yalnız danışıqlar yolu ilə nail olmaq olar. Silahlanmaya yönəldilən vəsait yalnız qurbanların sayının artmasına gətirib çıxarır. Bəyannamələr, ultimatumlar və sehrli sözlərlə sülhə nail olmaq mümkün deyil”, – deyə o bildirib. Yotova həmçinin vurğulayıb ki, “Rusiya ilə diplomatik əlaqə kanalları bütün Avropa İttifaqı adından açıq saxlanılmalıdır”.

Gürov isə öz növbəsində, mahiyyət etibarilə, Ukraynadakı münaqişənin davam etdirilməsinin tərəfdarı kimi çıxış edib və Rusiyaya qarşı mübarizənin zəruriliyini müdafiə edib.

Debat zamanı namizədlər dəfələrlə bir-birini yalan danışmaqda ittiham edib və seçki kampaniyasının qeyri-düzgün aparılmasından danışıblar.

Bolqarıstan Milli Televiziyasının (BNT) efirində yayımlanan ali dövlət vəzifəsinə namizədlərin debatını ölkənin təxminən 600 min vətəndaşı izləyib, daha 500 minə yaxın insan isə müzakirələri rəqəmsal platformalarda izləyib.

Bolqarıstanın aparıcı televiziya kanalları seçki gününə həsr olunmuş xüsusi proqramlar hazırlayıb. Ekzit-polların ilk nəticələri səsvermə başa çatdıqdan dərhal sonra, saat 20:00-da (Bakı vaxtı ilə 22:00) açıqlanacaq. Seçkilərin rəsmi yekunları noyabrın 4-dək elan olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti