Tusk “demokratiyanı və hüquqi dövləti məhv etmək” istəyən siyasətçiləri tənqid edib

Dünya xəbərləri Xəbər 1 Noyabr 2026 04:55 (UTC +04:00)
Tusk “demokratiyanı və hüquqi dövləti məhv etmək” istəyən siyasətçiləri tənqid edib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Polşanın Baş naziri Donald Tusk millətçi sağçı müxalifət nümayəndələrini “demokratiyanı və hüquqi dövləti məhv etmək” istəməkdə ittiham edib.

Bu, onun bir gün əvvəl Konstitusiya Tribunalının binası ətrafında baş verənlərə polisin müdaxiləsindən sonra ilk ictimai açıqlaması olub.

Ad çəkmədən "X" sosial şəbəkəsindəki hesabında yayımlanan müraciətində Tusk Polşada “illərdir demokratiyanı və hüquqi dövləti məhv etmək istəyən təşkilatların və siyasətçilərin mövcud olduğunu” bəyan edib.

Baş nazir Donald Tuskun hökuməti ilə Prezident Karol Navrotski arasında Konstitusiya Tribunalı ətrafında yaranan qarşıdurma fonunda siyasi böhran daha da dərinləşib.

Qarşıdurmanın kəskinləşməsinə hakim Anna Korvin-Petrovskayanın tribunalın sədri Boqdan Sventçkovskini və onun müavini Bartos Soxanskini müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırması səbəb olub. Hakim eyni zamanda qurumun rəhbərliyini öz üzərinə götürmək niyyətində olduğunu açıqlayıb.

Müxalifətdəki “Hüquq və Ədalət” (PiS) partiyasının nümayəndələri baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndiriblər. Cümə günü Varşavada tribunalın binası qarşısında etiraz aksiyası keçirilib. Polisin məlumatına görə, binanın ərazisinə daxil olmağa cəhd və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalar nəticəsində üç nəfər saxlanılıb.

Seneqala səfərini yarımçıq dayandıran Prezident Karol Navrotski Polşaya qayıdaraq tribunalın binasına baş çəkib. O, konstitusiya quruluşunun pozulduğunu bəyan edib və parlamentdə təmsil olunan siyasi qüvvələrin nümayəndələri ilə təcili məsləhətləşmələrə başlayıb.

Konstitusiya Tribunalı ətrafında münaqişə 2015-ci ildən davam edir və hakimlərin təyin edilməsi, eləcə də məhkəmə sistemində aparılan islahatlarla bağlıdır. Tusk hökuməti 2023-cü ildə hakimiyyətə gəldikdən sonra məhkəmələrin müstəqilliyini bərpa etmək niyyətini bəyan edib. Lakin bu təşəbbüslər müxalifətin və Prezident Navrotskinin müqaviməti ilə üzləşib.

Hazırkı qarşıdurmanın mərkəzində hakimlərin təyinatlarının legitimliyi və dövlət institutlarının səlahiyyətləri ilə bağlı fikir ayrılıqları dayanır. Tərəflər böhranın aradan qaldırılması ilə bağlı hələlik razılığa gələ bilməyiblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti