Boliviyada “Super El-Ninyo” fenomeni ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Dünya xəbərləri Xəbər 1 Noyabr 2026 06:44 (UTC +04:00)
Boliviyada “Super El-Ninyo” fenomeni ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Bakı. Trend:

Boliviya Prezidenti Rodriqo Pas ölkədə “Super El-Ninyo” iqlim fenomeninin səbəb olduğu quraqlıq və daşqınlarla mübarizə məqsədilə fövqəladə vəziyyət elan etdiyini bildirib.

Bu il dünyanın bir sıra regionlarında ciddi fəsadlara səbəb olan güclü iqlim fenomeni ilə əlaqədar qəbul edilən qərar böhranlı ərazilərə əlavə maliyyə vəsaitlərinin və xilasetmə qüvvələrinin cəlb olunmasına imkan verəcək.

“Ətraf mühitin qorunması və builki Super El-Ninyo fenomeninin təsirlərinin mümkün qədər azaldılması üçün böyük işlər görmüşük”, – deyə Rodriqo Pas xalqa müraciətində bildirib.

Müdafiə və Mülki Müdafiə Nazirliyinin bu həftə dərc etdiyi son hesabata əsasən, quraqlıq Cənubi Amerikanın bu ölkəsindəki doqquz inzibati departamentdən altısında 78 mindən çox ailəyə təsir edib. Təbii fəlakət nəticəsində 75 mindən çox baş mal-qara tələf olub.

“Bu fenomen quraqlıq və daşqınlar baxımından çox ciddi zərbələr vuracaq. Buna görə də bütün qurumların əməkdaşlığına ehtiyacımız var”, – deyə prezident əlavə edib.

BMT bu həftə xəbərdarlıq edib ki, hazırkı El-Ninyo mərhələsi misli görünməmiş intensivliyə çata və son 40 ildə iqlim dəyişikliklərinin izlənilməsi üçün istifadə olunan şkalaların həddini aşa bilər.

Qonşu Peru kimi ölkələrdə El-Ninyo temperaturun yüksəlməsinə və meşə yanğınlarının yayılmasına səbəb olub. Yanğınlar nəticəsində azı 12 nəfər həyatını itirib. Fenomen, həmçinin 2026-cı ildə daha 81 nəfərin ölümünə səbəb olan tropik dang qızdırmasının yayılmasına şərait yaradıb.

Çilidə isə bu iqlim hadisəsi Santyaqo şəhərində müşahidələrin aparıldığı bütün dövr ərzində ən yağışlı oktyabr ayının qeydə alınmasına səbəb olub.

El-Ninyo Sakit okeanda baş verən təbii iqlim hadisəsidir və hər iki-yeddi ildən bir təkrarlanır. Yaz fəslindən etibarən Sakit okeanın ekvatorial hissəsinin mərkəzi və şərqində səth sularının temperaturu yüksəlir. Bu isə sonrakı aylarda dünya üzrə külək, atmosfer təzyiqi və yağıntı rejimində ciddi dəyişikliklərə səbəb olur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti