Bakı. Trend:
ABŞ-ın Moskvada terror aktının hazırlanması ilə bağlı məlumatını yoxlayan Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) TikTok-da “Tsaritsıno” parkında cinayət törətmək niyyəti barədə təhdid xarakterli video paylaşan yeniyetməni saxlayıb.
FTX-in İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, əməliyyat Rusiya Milli Qvardiyası, Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi ilə birgə keçirilib.
Bildirilib ki, yeniyetmə TikTok-da taktiki geyimdə, balaklavada və əlində avtomat silaha bənzər əşya ilə çəkilmiş fotolarını, eləcə də “Tsaritsıno” muzey-qoruğunda çəkdirdiyi şəkilləri “I found a place” (“Mən bir yer tapdım”) qeydi ilə paylaşıb.
Yeniyetmənin yaşadığı evdə aparılan axtarış zamanı geyim və aksesuarlar aşkarlanıb. Onun telefonunda təhdidlərin yayıldığı TikTok hesabı, Telegram-da neonasist kanala abunəlik, həmçinin terror aktları, kütləvi qətllər və digər zorakılıq halları ilə bağlı çoxsaylı axtarış sorğuları aşkar edilib.