Bakı.Trend:
Britaniyalı musiqiçi, "Love Affair" qrupunun keçmiş solisti Stiv Ellis 77 yaşında vəfat edib.
Bu barədə “The Sun” qəzeti prodüser Devid Kortniyə istinadən məlumat yayıb.
“Uzun müddətdir dostluq etdiyim Stiv Ellisin vəfat etdiyini kədərlə bildirirəm”, – deyə o, sosial şəbəkələrdə yazıb.
Nəşrin məlumatına görə, musiqiçi oktyabrın 30-da dünyasını dəyişib.
"Love Affair" qrupunun ən məşhur hitlərindən biri 1967-ci ildə işıq üzü görən “Everlasting Love” mahnısı olub. Həmin il ilk dəfə amerikalı Robert Nayt tərəfindən ifa edilən mahnı Londondan olan musiqi kollektivinin Britaniya hit-paradında birinci yerə yüksəlməsinə kömək edib. Bununla da “Everlasting Love” “The Beatles” qrupunun “Hello, Goodbye” mahnısını hit-paradın zirvəsindən sıxışdırıb.
Qrup 1970-ci illərin əvvəllərinədək fəaliyyət göstərib. Sonrakı illərdə qrup üzvləri birgə çıxışlar üçün yenidən bir araya gəlsələr də, Stiv Ellis bir neçə yeni qrup yaradaraq musiqi karyerasını davam etdirib.
