Azərbaycanın neft ehtiyatları 6,95 milyard barel təşkil edir - "Eni"

Energetika Xəbər 2 Noyabr 2026 14:49 (UTC +04:00)
Azərbaycanın neft ehtiyatları 6,95 milyard barel təşkil edir - "Eni"
Ləman Zeynalova
Ləman Zeynalova
Baş redaktorun müavini Bütün xəbərlər

Bakı.Trend:

2025-ci il dekabrın 31-nə olan vəziyyətə görə, neft ehtiyatlarının həcminə görə Azərbaycan Rusiya və Mərkəzi Asiya regionunda üçüncü yeri tutur.

Bu barədə İtaliyanın "Eni" enerji şirkətinin hesabatında deyilir.

"Eni" şirkətinin qiymətləndirmələrinə əsasən, hesabat dövründə Azərbaycanın neft ehtiyatları 6,95 milyard barel təşkil edib və 2015-ci illə müqayisədə dəyişməyib. Regionda birinci yerdə 107,799 milyard barel göstərici ilə Rusiya, ikinci yerdə isə 29,799 milyard barellə Qazaxıstan qərarlaşıb.

Dünya reytinqində sübut edilmiş neft ehtiyatlarının həcminə görə ilk yeri 303,701 milyard barellə Venesuela tutur. İkinci yerdə 267,2 milyard barellə Səudiyyə Ərəbistanı, üçüncü yerdə isə 208,6 milyard barellə İran qərarlaşıb.

"Eni" qeyd edir ki, 2025-ci ildə neft bazarında, əsasən, geosiyasi gərginliyin artması ilə əlaqədar qeyri-müəyyənlik və dəyişkənlik davam edib. Bu amil bazar konyunkturasına əhəmiyyətli təsir göstərib.

Şirkətin məlumatına görə, 2025-ci ilin sonuna dünya üzrə sübut edilmiş neft ehtiyatları əvvəlki illə müqayisədə 0,4 faiz artaraq 1,79 trilyon bareli ötüb.

Hesabatda bildirilir ki, Venesuela, Səudiyyə Ərəbistanı və İran dünya neft ehtiyatlarının 40 faizindən çoxuna malik olmaqda davam edir. Mövcud hasilat səviyyəsi nəzərə alınmaqla, qlobal ehtiyatlarla təminat göstəricisi 50,2 ildən 48,9 ilə enib. Buna səbəb hasilatın artım tempinin ehtiyatların artım tempini üstələməsidir.

Hasilata gəlincə, hesabatda qeyd olunur ki, 2025-ci ildə dünyada neft hasilatı əvvəlki illə müqayisədə günə 3,1 milyon barel artaraq 100,4 milyon barelə çatıb. Bu göstəriciyə bioyanacaq və emal hesabına əldə olunan əlavə həcmlər daxil deyil.

Hasilatın artımına həm OPEC-ə daxil olmayan ölkələr (günə 1,8 milyon barel), ilk növbədə ABŞ (günə 0,8 milyon barel), həm də OPEC ölkələri (günə 1,3 milyon barel) müsbət töhfə verib.

OPEC ölkələrində hasilatın artması 2024-cü ildə neft hasilatına tətbiq edilən məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması prosesinin başa çatmasından sonra baş verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti