Bakı. Trend:
Azərbaycanda işsizlikdən sığorta təminatı verən daha bir məhsul istifadəyə veriləcək. Kredit risklərinin sığortalanması təsdiq olunacaq qaydalarda nəzərdə tutulan hallar baş verən zaman ödənilə bilməyən borcun üçüncü tərəfin vəsaiti hesabına bağlanması nəzərdə tutulacaq. Mərkəzi Bank tərəfindən artıq qaydalar hazırlanıb və qısa müddətdə tətbiqi gözlənilir.
Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, borcalanların həyatı, ölümü və əmək qabiliyyətinin
itirilməsi hallarından sığortalanması artıq tətbiq olunur və bu
Mərkəzi Bankın qaydaları ilə tənzimlənir. Yeni qaydalar isə birbaşa
kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanmasını
nəzərdə tutur.
"Bəzi hallarda vətəndaşlarımız kredit götürürlər, amma onlardan
asılı olmayan səbəbdən həmin kreditin ödənilməsində çətinlik
yaranır. Vətəndaşımızın iş yeri bağlanır və ya işdən azad olunur,
və yaxud bir sıra digər birbaşa onun özündən asılı olmayan hallar
baş verir və nəticədə həmin kreditin geri qaytarılmasında çətinlik
yaranır. Kreditin və ya kredit riskinin sığortalanması belə hallar
baş verən zaman öhdəliyin sığorta şirkəti tərəfindən ödənilməsinə
imkan verəcək. Kredit risklərinin sığortalanması həm vətəndaşları
maliyyə baxımından qoruyacaq, həm də bankların risklərini
azaldacaq.
Yeni sığorta növü yalnız qüvvədə olan əmək müqaviləsi əsasında
işləyən şəxslərə şamil ediləcək. Bu zaman şərtlərin “İşsizlikdən
sığorta” haqqında Qanunun tələblərinə uyğun olacağı gözlənilir.
Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın
məcburi şəkildə təklif edilməsi planlaşdırılır. İstehlak krediti
götürən şəxslərin bu sığorta xidmətindən istifadə etməsi könüllü
olacaq, yəni müştəri seçim etməkdə sərbəstir.
Sığorta hadisəsi baş verən zaman kreditin tam və ya qismən şiğorta
şirkəti tərəfindın ödənilməsi həyata keçiriləcək. Bu zaman
qanunvericilikdə nəzərdə tutulan sığorta halları nəzərə alınacaq.
İş yerinin ləğvi, ştatların ixtisar olunması, əmək müqaviləsinin
müddəti qurtarması, müəssisənin mülkiyyətçisinin dəyişməsi,
əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə
məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması və s. sığorta
hadisələri siyahısındadır", - deyə o bildirib.
Deputat vurğulayıb ki, sığortadan istifadə etmək kredit götürən
üçün əlavə xərc deməkdir və yalnız sığorta ödənişləri həyata
keçirildiyi halda sığorta hadisəsi baş verən zaman öhdəliklər
qarşılana bilər.
"Bu, kredit götürən şəxslərin məşğulluğunu itirmə hallarında
sığortalanmasıyla yanaşı, kreditin xərc stukturunun dəyişməsi,
onların kredit ödənişlərinin sığorta tərəfindən qarşılanması,
öhdəliklərin kredit götürən və bank arasında bölüşdürülməsi və
eləcə də məşğulluğun itirilməsi riskinə qarşı sığortanın tətbiqinin
kredit bazarına təsirinin qiymətləndirilməsini də aktuallaşdırır.
Azərbaycanda kredit faizlərinin yüksək olduğunu nəzərə alsaq,
banklar müəyyən faiz azalmalarına getməklə bu sığorta növünün
tətbiqi halında kredit xərclərindəki artımı kompensasiya edə
bilərlər. Bu halda kredit götürən üçün ciddi xərc yaratmadan bu
sığorta növünün tətbiqi mümkündür.
Mərkəzi Bankın da son açıqlamaları göstərir ki, bu sığorta növü
tətbiq olunan zaman banklar kreditlər üzrə faizi azalmasına
gedəcəklər. Çünki, kredit risklərinin sığortalanması bankların
birbaşa və eləcə də dolayı xərclərinin azalmasına gətirib çıxarır.
Yəni, işsizlikdən sığortanın tətbiq olunduğu kreditin faizi
dərəcəsi adi kreditlərin faizindən aşağı olacaq. Bu isə sözügedən
sığorta növündən istifadəni stimullaşdıracaq", - deyə o
bildirib.
