Azərbaycanda kredit axını daha çox hansı sahələrə yönəlir?

İqtisadiyyat Faktlar 2 Noyabr 2026 11:21 (UTC +04:00)
Azərbaycanda kredit axını daha çox hansı sahələrə yönəlir?
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən real sektora kredit qoyuluşlarının ümumi həcmi 35,7 milyard manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 milyard manat və ya 15,1% artıb. 2025-ci ilin oktyabrın 1-nə real sektora kredit qoyuluşlarının həcmi 31 milyard manat olub.

Hesabat dövründə vaxtı keçmiş kreditlərin həcmində də artım qeydə alınıb. Belə ki, bu kreditlərin ümumi həcmi 754 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 226 milyon manat və ya 42,8% çoxdur. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin oktyabrın 1-nə vaxtı keçmiş kreditlərin həcmi 528 milyon manat təşkil edib. Onların ümumi kredit portfelində xüsusi çəkisi isə 1,7%-dən 2,1%-ə yüksəlib.

Kredit qoyuluşlarının iqtisadiyyatın sahələri üzrə bölgüsünə nəzər saldıqda məlum olur ki, ümumi portfeldə ən böyük pay ev təsərrüfatlarına verilmiş kreditlərin payına düşüb. Belə ki, hesabat dövründə bu kateqoriya üzrə kreditlərin həcmi 21,1 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 milyard manat və ya 14,3% çoxdur. 2025-ci ilin oktyabrın 1-nə ev təsərrüfatlarına verilmiş kreditlərin həcmi 18,5 milyard manat olub.

İqtisadiyyatın digər sahələri arasında kredit qoyuluşlarının həcminə görə ikinci yerdə ticarət və xidmət sektoru qərarlaşıb. Bu sahəyə yönəldilmiş kreditlərin ümumi həcmi 4,6 milyard manata çatıb. İllik müqayisədə 344 milyon manat və ya 8% artım qeydə alınıb. Ötən ilin eyni dövründə bu göstərici 4,3 milyard manat olub.

İnşaat və tikinti sektoru da kredit qoyuluşlarının əhəmiyyətli dərəcədə artdığı sahələrdən biridir. Bu sektora verilmiş kreditlərin həcmi oktyabrın 1-nə 2,8 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard manat və ya 56,3% çoxdur. Beləliklə, inşaat və tikinti sektoru illik artım tempinə görə əsas istiqamətlərdən biri olub.

Nəqliyyat və rabitə sektoruna kredit qoyuluşlarının həcmi də 2,8 milyard manata yüksəlib. Bu göstərici 2025-ci ilin müvafiq dövründəki 2,1 milyard manatla müqayisədə 745 milyon manat və ya 35,6% artıb.

Sənaye və istehsal sektoruna yönəldilmiş kreditlərin ümumi həcmi 1,7 milyard manat təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm də təxminən 1,7 milyard manat olub. Beləliklə, il ərzində artım 2,5 milyon manat və ya 0,1% təşkil edib. Bu da sənaye və istehsal sektorunda kredit qoyuluşlarının əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə demək olar ki, dəyişmədiyini göstərir.

Mədənçıxarma, elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunda isə azalma müşahidə olunub. Hesabat dövründə bu sahəyə verilmiş kreditlərin həcmi 552 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövründəki 710 milyon manatla müqayisədə 158 milyon manat və ya 22,3% azdır.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna kredit qoyuluşlarının həcmi də azalıb. Bu sahəyə verilmiş kreditlərin ümumi həcmi 505 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövründə bu göstərici 563 milyon manat olub. Beləliklə, illik azalma 58 milyon manat və ya 10,4% təşkil edib.

Ümumilikdə, kredit portfelinin sahələr üzrə bölgüsündə ev təsərrüfatları, ticarət və xidmət, eləcə də tikinti və nəqliyyat sektorları üstünlük təşkil edir. Vaxtı keçmiş kreditlərin həcminin və ümumi portfeldə xüsusi çəkisinin artması da hesabat dövrünün diqqətçəkən məqamlarındandır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti