Bakı. Trend:
Hamiləlik qadın həyatının ən həssas və məsuliyyətli dövrlərindən biridir. Bu mərhələnin sağlam və təhlükəsiz keçməsi üçün hamiləliyin əvvəlcədən planlaşdırılması, mütəmadi tibbi müayinələrdən keçilməsi, düzgün qidalanma və sağlam həyat tərzinə riayət edilməsi mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, hamiləliyin müxtəlif mərhələlərində baş verən fizioloji dəyişiklikləri tanımaq, təhlükə əlamətlərini vaxtında müəyyən etmək və doğuşa həm fiziki, həm də psixoloji cəhətdən hazırlaşmaq vacibdir.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun böyük elmi işçisi Leyla Süleymanova müsahibəsində hamiləliyə hazırlıq üçün atılmalı addımlardan, ilk aylarda diqqət edilməli məqamlardan, gələcək anaların qidalanma və gündəlik vərdişlərindən, eləcə də doğuşun yaxınlaşmasını göstərən əlamətlərdən bəhs edib.
- Hamiləlik planlaşdıran qadın neçə ay əvvəldən tibbi hazırlıqlara başlamalı və ilk növbədə hansı analizləri verməlidir?
- Hamiləliyi planlaşdıran qadının ideal olaraq hamiləlikdən 2-3
ay əvvəl həkim müayinəsindən keçməsi məqsədəuyğundur. Bu müddət
ərzində qadının ümumi sağlamlıq vəziyyətini qiymətləndirmək və
varsa, xroniki xəstəlikləri nəzarətə almaq mümkündür.
İlk növbədə ginekoloq müayinəsi, arterial təzyiq və bədən çəkisinin
qiymətləndirilməsi, ümumi qan, sidik analizi aparıla bilər. Klinik
vəziyyətdən asılı olaraq qanda qlükoza, ferritin, TSH və digər
müayinələr təyin edilir. İnfeksiyalarla bağlı müayinələr də qadının
anamnezinə və əvvəlki müayinələrinə əsasən seçilməlidir. Qeyd edim
ki, bütün qadınlara eyni analizlərin geniş siyahısını vermək düzgün
yanaşma deyil. Peyvənd statusu, xüsusilə məxmərək kimi
infeksiyalara qarşı immunitet də nəzərdən keçirilməlidir. Həmçinin,
qəbul edilən dərmanlar həkim tərəfindən yenidən
qiymətləndirilməlidir.
Ən vacib tövsiyələrdən biri isə fol turşusunun qəbuluna
hamiləlikdən ən azı 1 ay əvvəl, ideal olaraq 2-3 ay əvvəl
başlanmasıdır. Adətən gündə 400 mikroqram tövsiyə olunur, lakin
bəzi qadınlarda daha yüksək doza lazım ola bilər və bunu həkim
müəyyən etməlidir.
- Hamiləliyin ilk həftələrində hansı əlamətlər normal
sayılır?
- Hamiləliyin ilk həftələrində hormonal dəyişikliklərlə əlaqədar
ürəkbulanma, qusma, yuxululuq, yorğunluq, qoxulara qarşı
həssaslığın artması və tez-tez sidiyə getmə kimi əlamətlər çox rast
gəlinir. Bəzi qadınlarda qarının aşağı hissəsində yüngül dartınma
və az miqdarda ləkələnmə də müşahidə oluna bilər. Lakin qanaxmaya
“normaldır” demək olmaz. Parlaq qırmızı və ya artan qanaxma, güclü
və xüsusilə birtərəfli qarın ağrısı, başgicəllənmə və ya huş itirmə
təcili tibbi qiymətləndirmə tələb edir. Bu əlamətlər
uşaqlıqdankənar hamiləlik və ya digər ciddi problemlərin
göstəricisi ola bilər.
Eyni zamanda, dayanmayan güclü qusma, maye qəbul edə bilməmək,
yüksək hərarət və ümumi vəziyyətin kəskin pisləşməsi zamanı da
həkimə müraciət etmək lazımdır.
- Dölün orqanlarının formalaşdığı ilk üç ayda ananın
qidalanması, dərman istifadəsi və gündəlik vərdişləri necə
olmalıdır?
- Hamiləliyin ilk üç ayı dölün əsas orqanlarının formalaşdığı
çox vacib dövrdür. Buna görə, qadın bu mərhələdə sağlam və
balanslaşdırılmış qidalanmalıdır.
Rasionda tərəvəz və meyvələr, tam taxıllar, yumurta, balıq, ət və
ya digər keyfiyyətli protein mənbələri, süd məhsulları və faydalı
yağlar kifayət qədər olmalıdır. Çiy və ya tam bişməmiş ət və
yumurta, pasterizə olunmamış süd məhsulları eləcə də, gigiyenik
təhlükəsizliyi şübhəli qidalardan uzaq durmaq lazımdır.
Ən vacib məqamlardan biri spirtli içki və tütün məhsullarından
tamamilə imtina etməkdir. Kofein isə həddindən artıq qəbul
edilməməlidir.
Dərmanlarla bağlı əsas prinsip çox sadədir: “təbii” və ya reseptsiz
olması həmin preparatın hamiləlikdə təhlükəsiz olduğu anlamına
gəlmir. Hər hansı dərman, vitamin, bitki mənşəli preparat və ya
qida əlavəsi qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Eyni zamanda, həkimin təyin etdiyi vacib dərmanları da özbaşına
dayandırmaq olmaz.
Hamiləlik normal gedirsə gündəlik fiziki aktivlik əksər qadınlar
üçün faydalıdır. Gəzinti və hamiləliyə uyğun yüngül məşqlər davam
etdirilə bilər. Sadəcə həddindən artıq fiziki yüklənmədən və
zədələnmə riski yüksək olan fəaliyyətlərdən qaçmaq lazımdır.
- Hamiləlik dövründə qadının bədənində hansı təbii
dəyişikliklər?
- Hamiləlik qadın orqanizmində çox böyük fizioloji dəyişikliklər yaradır. Uşaqlığın böyüməsi, hormonal dəyişikliklər və qan dövranının artması nəticəsində qadın öz bədənində bir çox fərqlilik hiss edə bilər. Ürəkbulanma, yorğunluq, döşlərdə böyümə və həssaslıq, tez-tez sidiyə getmə, qəbizlik, köp, bel ağrısı, ayaqlarda yüngül şişkinlik və nəfəsdarlıq hissi hamiləlik zamanı müəyyən dərəcədə normal ola bilər. Hamiləliyin sonrakı aylarında uşaqlığın böyüməsi ilə əlaqədar bel və çanaq nahiyəsində narahatlıq, həmçinin yalançı sancılar müşahidə oluna bilər. Lakin qadın özünü pis hiss etdikdə bunu sadəcə “hamiləlikdəndir” deyə qiymətləndirməməlidir. Güclü baş ağrısı, görmədə dəyişiklik, qəfil və ciddi şişkinlik, yüksək təzyiq, vaginal qanaxma, su gəlməsi, güclü qarın ağrısı, yüksək hərarət və ya döl hərəkətlərinin azalması həkim tərəfindən təcili qiymətləndirilməlidir.
- Yaxınlaşan doğuşun ilk əlamətləri
hansılardır?
- Doğuşun yaxınlaşmasının əlamətlərindən biri sancıların
tədricən müntəzəm, daha güclü və tez-tez olmasıdır. Selikli tıxacın
gəlməsi də doğuşa hazırlıq əlaməti ola bilər, lakin bu, doğuşun
mütləq həmin gün başlayacağı demək deyil.
Ən vacib əlamətlərdən biri döl qişalarının açılması, yəni suyun
gəlməsidir. Su gəldikdə, hətta sancılar başlamayıbsa belə, qadın
həkimi ilə əlaqə saxlamalı və doğum evinə müraciət etməlidir.
Güclü və müntəzəm sancılar, vaginal qanaxma, suyun gəlməsi,
körpənin hərəkətlərinin əhəmiyyətli dərəcədə azalması və ya ümumi
vəziyyətin pisləşməsi zamanı xəstəxanaya müraciət
gecikdirilməməlidir.
Xüsusilə qeyd etmək istəyirəm ki, qanaxma, güclü davamlı ağrı,
suyun gəlməsi və ya döl hərəkətlərinin kəskin azalması zamanı
sancıların “müəyyən intervala çatmasını” gözləmək lazım deyil.
- Hamiləliyin son mərhələsində gələcək ananın psixoloji
hazırlığı ilə bağlı hansı tövsiyələri verərdiniz?
- Doğuşa hazırlıq yalnız fiziki deyil, həm də psixoloji
hazırlıqdır. Gələcək ana doğuş prosesi, mümkün doğuş üsulları və
ağrı ilə mübarizə üsulları haqqında əvvəlcədən məlumat almalıdır.
Həkimi ilə doğuş planını müzakirə etmək, lakin bu planın tibbi
vəziyyətə uyğun olaraq dəyişə biləcəyini də qəbul etmək vacibdir.
Qadın özünü qorxutmaq əvəzinə, məlumatlanmalı və həkim komandasına
etibar etməlidir. Doğuşun necə keçəcəyini əvvəlcədən tam
proqnozlaşdırmaq mümkün deyil və planlaşdırılmamış dəyişikliklər
uğursuzluq demək deyil – əsas məqsəd ana və körpənin
təhlükəsizliyidir.
Xəstəxana çantasını isə doğuşa təxminən 3-4 həftə qalmış, daha
erkən doğuş riski varsa daha əvvəl hazırlamaq məsləhətdir.
Şəxsiyyət sənədləri və tibbi sənədlər, rahat geyim, şəxsi gigiyena
vasitələri, doğuşdan sonra istifadə üçün alt paltarları və digər
zəruri əşyalar, həmçinin körpə üçün geyim və bezlər əvvəlcədən
hazırlanmalıdır. Ən əsası nəzərə almalıyıq ki, hamiləlik xəstəlik
deyil, qadın orqanizminin çox mühüm fizioloji vəziyyətidir. Ancaq
bu dövrü sağlam və təhlükəsiz keçirmək üçün mütəmadi həkim
nəzarəti, düzgün qidalanma, sağlam həyat tərzi və təhlükə
siqnallarını vaxtında tanımaq çox vacibdir.
