Bakı.Trend:
Orta Dəhlizin inkişafı çərçivəsində Türkiyədə Divriği-Qars-Gürcüstan sərhədi dəmir yolu xəttinin üç sahəsinin layihələndirilməsi və tikintisi üzrə beynəlxalq tender elan edilib.
Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) saytında dərc olunan məlumatda bildirilir ki, satınalma dəmir yolu infrastrukturunun və yolun üst quruluşunun bərpasını, həmçinin elektrikləşdirmə, siqnalizasiya və telekommunikasiya sistemlərinin quraşdırılması işlərini nəzərdə tutur.
Tender sənədlərinə əsasən, layihə üç lota bölünüb:
- 1-ci lot: 156 kilometr uzunluğunda Divriği-Ərzincan hissəsində infrastrukturun və yolun üst quruluşunun bərpası, həmçinin dəmir yolu xəttinin elektrikləşdirilməsi.
- 2-ci lot: 223 kilometr uzunluğunda Ərzincan-Ərzurum hissəsində analoji işlərin həyata keçirilməsi.
- 3-cü lot: 208 kilometr uzunluğunda Ərzurum-Qars hissəsində infrastrukturun və yolun üst quruluşunun bərpası, həmçinin Ərzurumdan Gürcüstan sərhədinədək 288 kilometr uzunluğunda dəmir yolu xəttinin elektrikləşdirilməsi.
Qeyd olunur ki, hər üç lot üzrə işlərin dörd il ərzində başa çatdırılması nəzərdə tutulur.
Tender təkliflər sorğusu (Request for Proposals) proseduru əsasında beynəlxalq rəqabətli satınalma çərçivəsində keçirilir. İştirakçılar bir və ya bir neçə lot üzrə təklif verə bilərlər.
Təkliflər 2026-cı il dekabrın 22-si, Türkiyə vaxtı ilə saat 14:30-dan gec olmayaraq təqdim edilməlidir. Təkliflərin texniki hissəsinin açılışı həmin gün saat 14:45-də keçiriləcək. Elektron formada təkliflərin təqdim edilməsinə icazə verilmir.
AİİB-in məlumatına görə, təklif təminatının məbləği birinci lot üzrə 2,5 milyon dollar, digər iki lotun hər biri üzrə isə 2,75 milyon dollar təşkil edir.
