Bakı.Trend:
Gürcüstanda etiraz aksiyası iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına “Molotov kokteyli” atanda Avropa İttifaqının nümayəndələri onları təşviq edirdilər, Fransada isə analoji hərəkətə görə cinayət işi açılıb. Bu, Avropa bürokratlarının ikili standartlarından xəbər verir.
TASS-ın məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Gürcüstanlı hökumət başçısı xatırladıb ki, 2023-cü ildə Gürcüstan parlamenti xarici agentlər haqqında qanunu ilk dəfə qəbul etməyə cəhd göstərdiyi zaman Tbilisi sakini Lazar Qriqoriadis mitinqlərin birində polis əməkdaşına “Molotov kokteyli” atıb. O, saxlanılıb və doqquz il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Qərbin dəstəklədiyi Gürcüstan qeyri-hökumət təşkilatlarının nümayəndələri Qriqoriadisin müdafiəsi üçün aksiyalar keçirib və “Mən Molotov kokteyli atmışam” yazılmış plakatlarla çıxış ediblər. Hökm çıxarıldıqdan qısa müddət sonra Gürcüstanın sabiq Prezidenti Salome Zurabişvili Qriqoriadisi əfv edib.
“Fransada nələrin baş verdiyini görürük? Fransada polis əməkdaşına atılan “Molotov kokteyli” ilə əlaqədar adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb. Bu, tamamilə adekvat qiymətləndirmədir. Bizim vəziyyətimizdə isə eyni hadisə baş verəndə, əksinə, təşviqedici çağırışlar səsləndirilirdi. Bu, utancvericidir", - deyə o bildirib.
Kobaxidzenin sözlərinə görə, bu, Avropa bürokratiyasının və Gürcüstanın radikal müxalifətinin, eləcə də həmin xarici agent şəbəkəsinin əsl simasını göstərir .
