Bakı. Trend:
Noyabrın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri
Furuya Tokuronu qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, səfir
etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir
səfiri təyinatı münasibətilə təbrik edib, diplomatik fəaliyyətində
uğurlar arzulayıb. Azərbaycan və Yaponiya arasında mövcud
əlaqələrin inkişaf etdirilməsi baxımından səfirin fəaliyyətinin
əhəmiyyəti qeyd olunub.
Tərəflər Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti və
inkişaf perspektivlərini, siyasi dialoqun genişləndirilməsi,
iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, yüksək texnologiyalar,
idman, humanitar və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi
imkanlarını müzakirə ediblər.
İqtisadi əməkdaşlığın genişləndirilməsi çərçivəsində Yaponiya
şirkətlərinin Azərbaycanda mövcud investisiya imkanlarından, o
cümlədən Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi əlverişli
biznes və logistika potensialından yararlanmasının əhəmiyyəti
vurğulanıb.
Azərbaycanın regionlararası nəqliyyat-logistika bağlantılarının
gücləndirilməsində artan rolu, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub
nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfələr diqqətə
çatdırılıb.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə həyata
keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir
infrastrukturun qurulması, həmin ərazilərin iqtisadi potensialının
reallaşdırılması və dayanıqlı inkişafı istiqamətində görülən işlər
barədə məlumat verilib. Ərazilərin minalarla geniş şəkildə
çirkləndirilməsinin bərpa prosesinə, mülki əhalinin
təhlükəsizliyinə və keçmiş məcburi köçkünlərin doğma yurdlarına
qayıdışına yaratdığı ciddi maneələr diqqətə çatdırılıb.
Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq,
habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir
mübadiləsi aparılıb.
