Bakı.Trend:
Amerikanın "OpenAI" şirkəti (ChatGPT çatbotunun yaradıcısı) süni intellektin inkişafı istiqamətində fəaliyyətini genişləndirmək üçün ABŞ-nin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi və keçmiş ordu naziri Den Driskollu işə götürüb.
Bu barədə şirkətin mətbuat xidməti "Financial Times" qəzetinə məlumat verib.
Den Driskoll şirkətdə milli təhlükəsizliyin modernləşdirilməsi üzrə baş məsləhətçi vəzifəsində çalışacaq. O, "OpenAI" rəhbərliyinə və tərəfdaşlarına milli və kibertəhlükəsizliyin gücləndirilməsi məqsədilə qabaqcıl süni intellekt texnologiyalarından istifadə ilə bağlı məsləhətlər verəcək.
Məlumatda bildirilir ki, ABŞ-nin müttəfiqləri ilə əməkdaşlığa, süni intellektin məsuliyyətli tətbiqinin təşviqinə xüsusi diqqət yetiriləcək.
Driskollun fəaliyyəti çərçivəsində "OpenAI"ın tərtibatçıları, dövlət qurumlarının, sənaye sektorunun, akademik dairələrin və institutların nümayəndələri ilə birgə demokratik süni intellektin inkişafına yönəlmiş, modernləşdirmə üzrə praktiki təşəbbüslərin həyata keçirilməsinə dəstək göstəriləcək.
Bundan əlavə, keçmiş nazir milli təhlükəsizliyin gücləndirilməsi üçün süni intellektin potensialından tam istifadə etməyə imkan verəcək siyasi və strateji yanaşmaların modernləşdirilməsi məsələlərində OpenAI tərəfdaşlarına məsləhətlər verəcək.
Qeyd edək ki, ABŞ-də hökumət strukturuna görə, Müharibə naziri Pentaqona rəhbərlik edir və ölkənin bütün silahlı qüvvələrinin – Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və digər qoşun növlərinin fəaliyyətinə ümumi nəzarəti həyata keçirir. Ordu naziri (Secretary of the Army) isə yalnız ABŞ Quru Qoşunlarına (U.S. Army) rəhbərlik edir, onların şəxsi heyətinin, təchizatının, hazırlığının və inzibati fəaliyyətinin təmin edilməsinə cavabdehdir.
