Bakı. Trend:
Zəfərdən sonra Qarabağın iqtisadiyyatı 4 dəfə, Şərqi Zəngəzurun iqtisadiyyatı isə 30 dəfə böyüyüb.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildə 1 milyard 548 milyon manat olduğu halda, hazırda bu göstərici 6 milyard manata çatır.
“Şərqi Zəngəzurda isə bu göstərici 2020-ci ildə cəmi 134 milyon manat idi. Zəfərdən sonra iqtisadiyyat 30 dəfə böyüyərək 4 milyard manatı keçib. Artıq Şərqi Zəngəzurun 100 milyon manatlıq sənayesi, 170 milyon manatdan çox aqrar sektoru var”, – deyə o qeyd edib.
V.Bayramovun sözlərinə görə, ötən müddətdə yalnız dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpasına 26 milyard manat ayrılıb. Ümumi uzunluğu 3 720,5 kilometr olan 64 avtomobil yolunun tikintisi icra edilir. İndiyədək ümumi uzunluğu 1 338 kilometr olan 17 avtomobil yolunun tikintisi tam başa çatdırılıb, strateji əhəmiyyətli üç beynəlxalq hava limanı istifadəyə verilib.
Deputat vurğulayıb ki, hazırda işğaldan azad olunmuş ərazilərdə 100 minə yaxın vətəndaş yaşayır, işləyir və təhsil alır. Onlardan 41 213 nəfəri daimi məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Ən çox məskunlaşma Ağdam rayonunda qeydə alınıb. Burada 8 300 nəfər məskunlaşıb. Cəbrayıl rayonuna isə 7 112 keçmiş məcburi köçkün qayıdıb.
O bildirib ki, Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası bu il başa çatacaq, növbəti proqram isə 2027–2030-cu illəri əhatə edəcək.
“İnfrastrukturun formalaşması intensiv məskunlaşma üçün xüsusi zəmin yaradır. Növbəti aylarda və 2027-ci ildə həmin ərazilərdə kütləvi məskunlaşma olacaq. Hər bir keçmiş məcburi köçkünə öz ata-baba yurdunda ev təklif ediləcək. Heç bir keçmiş məcburi köçkün prosesdən kənarda qalmayacaq. Bu, Prezidentin siyasi iradəsidir”, – deyə deputat əlavə edib.
V.Bayramov çıxışında Prezidentin işğaldan azad edilmiş ərazilərə 600 dəfədən çox səfər etdiyini, bu səfərlər və tədbirlər çərçivəsində 180-dən çox layihənin təməlini qoyduğunu, 170-dən çox obyektin açılışında iştirak etdiyini bildirib. O, bunu dövlət başçısının məskunlaşma və yenidənqurma prosesinə xüsusi diqqətinin göstəricisi kimi qiymətləndirib.
