Bakı. Trend:
Azərbaycan və Böyük Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılması müzakirə edilib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Belə ki, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında gəlirlərə və əmlakın dəyərinin artımından əldə olunan gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınmasına dair yeni Konvensiya layihəsi üzrə növbəti müzakirələr keçirilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndə heyəti ilə Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasının səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşdə Konvensiya layihəsinin müxtəlif müddəaları barədə fikir mübadiləsi aparılıb. Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəisi Orxan Musayev Konvensiyanın ikitərəfli iqtisadi əlaqələrin möhkəmlənməsi və biznes tərəfdaşlığının təşviqi baxımından əhəmiyyətini vurğulayıb. Tərəflər birgə fəaliyyətin təkmilləşdirilməsinin vergi inzibatçılığının səmərəliliyinin artırılması baxımından vacibliyini qeyd ediblər.
Vergi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və mövcud hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müzakirələr konstruktiv, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitində keçib.
