Qlobal enerji istehlakında elektrik enerjisinin payı 27,9 faizə çatacaq

Yaşıl iqtisadiyyat Xəbər 3 Noyabr 2026 11:58 (UTC +04:00)
Qlobal enerji istehlakında elektrik enerjisinin payı 27,9 faizə çatacaq
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

2035-ci ilədək dünya üzrə yekun enerji istehlakında elektrik enerjisinin payı 27,9 faiz təşkil edəcək ki, bu da COP31-ə sədrlik edən tərəfin irəli sürdüyü 35 faizlik hədəfdən xeyli aşağıdır.

Bu barədə "Fitch Solutions" şirkətinin bölməsi olan BMI-nin BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransının (COP31) perspektivlərinə həsr olunmuş analitik icmalında bildirilib.

BMI-nin proqnozuna əsasən, dünya üzrə yekun enerji istehlakında elektrik enerjisinin payı 2026-cı ildəki 24 faizdən 2035-ci ildə 27,9 faizə yüksələcək.

“Beləliklə, illik artım təxminən 0,4 faiz bəndi təşkil edəcək. 35 faizlik hədəfə nail olmaq üçün bu tempi təxminən üç dəfə – ildə 1,2 faiz bəndinədək artırmaq lazımdır”, – icmalda qeyd olunur.

“2035-ci ilədək 35 faiz” (35-by-35 Global Electrification Pledge) təşəbbüsü Türkiyənin Antalyada keçiriləcək COP31-də təqdim etməyi planlaşdırdığı əsas nəticələrdən biri olacaq. Bununla belə, təşəbbüs milli səviyyədə məcburi göstəricilərin müəyyənləşdirilməsini nəzərdə tutmur və hər bir ölkəyə öz öhdəliklərinin miqyasını müstəqil müəyyənləşdirmək imkanı verir.

Beynəlxalq Enerji Agentliyi (BEA) də bu hədəfi dəstəkləyir və hazırda dünya üzrə yekun enerji istehlakında elektrik enerjisinin payını təxminən 23 faiz səviyyəsində qiymətləndirir. BMI-nin göstəricisi ilə fərq hesablamalarda istifadə olunan metodoloji yanaşmalarla bağlıdır.

“Əksər regionlarda elektrikləşmənin genişlənməsinə baxmayaraq, qarşıdakı onillikdə enerji tələbatının əlavə artımının əhəmiyyətli hissəsi neft, qaz və kömür hesabına təmin olunacaq. Bu, xüsusilə sənaye və nəqliyyat sektorlarının ən sürətlə inkişaf etdiyi inkişaf etməkdə olan bazarlara aiddir”, – icmalda bildirilir.

BMI-nin proqnozuna görə, Yaxın Şərq və Şimali Afrika (MENA), eləcə də Saxaradan cənubda yerləşən Afrika ölkələrində elektrikləşmənin sürəti qarşıdakı 10 ildə, demək olar ki, dəyişməyəcək. Şirkət bunun əsas səbəbləri sırasında neft və qazın ucuz və ya subsidiyalaşdırılmış qiymətlərlə əlçatan olmasını, həmçinin elektrik şəbəkəsi infrastrukturunun kifayət qədər inkişaf etməməsini göstərir.

Qeyd olunur ki, Hindistanda kömürdən istifadə etməklə polad və sement istehsalının artması da sənaye sektorunda elektrik enerjisinin payının yüksəlməsini ləngidəcək.

“Eyni zamanda, Qərbi Avropa neft və qaz istehlakının azalması, elektrik avtomobillərinin və istilik nasoslarının yayılması, eləcə də enerji səmərəliliyinin artırılması hesabına hədəfə yaxınlaşacaq”, – analitiklər bildirirlər.

“Qərbi Avropa və Çindən kənarda elektrikləşmənin qarşısında duran əsas maneələrdən biri zəruri infrastrukturun tikintisi ilə bağlı xərclər və müddətlərdir. Elektrik şəbəkələrinin modernləşdirilməsi, yeni istehlakçıların şəbəkəyə qoşulması və enerji doldurma stansiyalarının yaradılması uzunmüddətli razılaşdırma və tikinti işləri tələb edir. Bundan əlavə, transformator və kabellərin təklifinin məhdud olması layihələrin dəyərini və avadanlıqların tədarük müddətini artırır.

İnkişaf etməkdə olan bazarlarda yüksək faiz dərəcələri, həmçinin elektrik avtomobillərinin, istilik nasoslarının və elektrik enerjisi ilə işləyən sənaye avadanlıqlarının ilkin alış dəyərinin qalıq yanacaq əsaslı analoji həllərlə müqayisədə daha yüksək olması da əlavə maneələrdir.

Elektrikləşməni sürətləndirmək üçün Asiyanın inkişaf etməkdə olan ölkələrində elektrik nəqliyyatına və sənaye istilik proseslərində elektrik enerjisindən istifadəyə daha sürətli keçid, elektrik şəbəkələrinə investisiyaların artırılması, maliyyələşmənin ucuzlaşdırılması və enerji resursları ixrac edən ölkələrdə yanacaq subsidiyalarına yenidən baxılması zəruridir”, – icmalda qeyd olunur.

BMI, həmçinin istixana qazı emissiyalarının azaldılması perspektivlərini qiymətləndirib.

“BMT-nin Ətraf Mühit Proqramının (UNEP) 2026-cı ilin oktyabrında dərc edilmiş Emissiyalar Fərqi Hesabatına (Emissions Gap Report) əsasən, milli iqlim planlarının tam icrası belə 2035-ci ilədək qlobal istixana qazı emissiyalarını 2025-ci ilin səviyyəsi ilə müqayisədə cəmi 11-15 faiz azalda bilər. Halbuki qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq imkanını qorumaq üçün emissiyaların təxminən 45 faiz azaldılması tələb olunur”, – icmalda bildirilir.

“2035-ci ilədək enerji sektorundan qaynaqlanan emissiyalar 2025-ci ilin səviyyəsindən cəmi 2,2 faiz aşağı olacaq. Bununla yanaşı, enerji sektorunun qlobal emissiyaları 2026-cı ildəki 37,578 milyard ton karbon qazı (CO₂) ekvivalentindən 2032-ci ildə 38,310 milyard ton CO₂ ilə pik həddə çatacaq.

Şirkət 2035-ci ilədək enerji sektorundan qaynaqlanan emissiyaların Qərbi Avropada 24,4 faiz, Yaponiyada isə 20,8 faiz azalacağını gözləyir. Eyni zamanda, Hindistanda bu göstərici 34,1 faiz, İndoneziyada 27,3 faiz, MENA regionunda isə 23,2 faiz artacaq”, – icmalda qeyd olunur.

BMI Çində kömür istehlakına dair proqnozunu da artırıb.

“Şirkətin yenilənmiş qiymətləndirməsinə əsasən, ölkənin enerji sektorundan qaynaqlanan emissiyaları mart proqnozunda nəzərdə tutulduğundan daha gec – artıq 2026-cı ildə 13,133 milyard ton CO₂ səviyyəsində pik həddə çatacaq.

Çinin elektrik enerjisi istehsalında kömürdən istifadənin artması Hörmüz boğazının bağlanmasından sonra mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün azalmasını kompensasiya etmək zərurəti ilə əlaqədardır. Əlavə amillər sırasında El-Ninyo hadisəsi və külək enerjisi istehsalının azalması da var.

2035-ci ilədək kömür istehlakının 10,7 faiz azalması fonunda Çinin enerji sektorundan qaynaqlanan emissiyaları 7,6 faiz azalacaq.

COP31 ərəfəsində və konfransın gedişində şirkət hansı iri enerji istehlakçılarının “2035-ci ilədək 35 faiz” təşəbbüsünə qoşulacağını, onların öhdəliklərini konkret tədbirlərlə dəstəkləyib-dəstəkləməyəcəyini və ədalətli keçid mexanizminin əlavə maliyyə alıb-almayacağını izləməyi planlaşdırır”, – BMI-nin icmalında bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti