Bakı.Trend:
Noyabrın 1-də ABŞ hərbçiləri İranın Qeşm adasına zərbə endirib.
Bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, ABŞ artıq bir neçə həftədir İrana qarşı “kiçikmiqyaslı zərbələr” endirir. ABŞ administrasiyasının adları açıqlanmayan rəsmiləri bu zərbələri müdafiə xarakterli adlandırırlar. Bildirilir ki, ABŞ hakimiyyəti tammiqyaslı hərbi əməliyyatları bərpa etməyə hazır olduğu barədə siqnal verməmək üçün sözügedən zərbələri qəsdən ictimaiyyətə açıqlamır.
Bu arada, İran da yeni hücumlar olacağı təqdirdə Avropadakı ABŞ hərbi bazalarına zərbələr endiriləcəyi ilə bağlı xəbərdarlıq edilib. İran parlamentinin deputatı Mənuçöhr Mottəki "Tabnak" nəşrinə müsahibəsində bildirib ki, ABŞ tərəfindən yeni hücumlar olacağı təqdirdə İran Avropadakı Amerika hərbi bazalarını hədəfə ala bilər.
O qeyd edib ki, Böyük Britaniya, İtaliya, Portuqaliya və Almaniya da daxil olmaqla bir sıra ölkələr ABŞ qırıcılarına öz hərbi bazalarından istifadə imkanı yaradıb. Həmin qırıcılar İrana qarşı əməliyyatlara hazırlaşmaq üçün bu bazalardan istifadə edirlər. Mottəkinin fikrincə, buna görə də həmin ölkələr ABŞ-nin hərəkətlərinə görə məsuliyyət daşıyırlar.
“Coğrafi məhdudiyyətlərin aradan qaldırılmasının mənası bizim qırıcılarımız, ölkəmiz, xarici tərəflər və düşmənlərimiz üçün aydındır. Bu o deməkdir ki, müharibə aparacağımız təqdirdə, o, artıq regional deyil, transregional xarakter daşıyacaq. Çünki coğrafi məhdudiyyətlər olmayacaq”, – deyə o bildirib.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.
