Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bəzi Afrika ölkələrinə Amerika bazarına rüsumsuz mal ixrac etmək imkanı verən ticarət güzəştləri proqramından Ruanda və Cənubi Afrikanı çıxarmaq qərarına gəlib.
Bu barədə ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir məlumat verib.
Onun yazılı açıqlamasında bildirilib ki, Amerika administrasiyası bu qərarı Afrika ölkələrinin müvafiq proqram çərçivəsində üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi ilə bağlı sonuncu illik qurumlararası qiymətləndirmədən sonra qəbul edib.
“İcmalın nəticələrinə əsasən, Prezident Donald Tramp Ruanda və Cənubi Afrika hökumətlərinin fəaliyyətinin AGOA proqramında iştirak meyarlarına uyğun olmadığı qənaətinə gəlib”, – deyə Qrir vurğulayıb.
Vaşinqton administrasiyası Cənubi Afrikada Amerika mallarının və investisiyalarının qarşısına qoyulan maneələrdən, korrupsiyadan, eləcə də ABŞ-nin milli təhlükəsizlik və xarici siyasət maraqlarına qarşı təhdidlərdən ciddi narahatlıq keçirdiyini bildirib. Ruanda ilə bağlı da oxşar nəticələrə gəlindiyi qeyd olunub.
Qeyd edək ki, Afrika İnkişafı və İmkanları Aktı (AGOA) ABŞ Konqresi tərəfindən 2000-ci il mayın 18-də qəbul edilib. Proqram Afrika ölkələrinə müəyyən şərtlər daxilində ABŞ bazarına rüsumsuz ixrac imkanı yaradır.
