Bakı. Trend:
Cənubi Qafqaz regionu geosiyasi baxımdan xüsusi əhəmiyyət daşıyır.
Trend-in müxbiri xəbər verir ki, bu barədə çərşənbə axşamı Yaponiyanın Hitotsubashi Universitetinin professoru Mayko İçihara Xəzər Universitetində “Qlobal idarəetmənin dəyişən mənzərəsi və orta güclərin rolu” mövzusunda mühazirə çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hər bir ölkə qlobal siyasət və enerji təhlükəsizliyində maraqlıdır və Azərbaycan bu prosesdə əsas oyunçulardan biridir.
“Azərbaycanın neft ehtiyatları və mövcud geosiyasi rıçaqları ölkəyə qlobal miqyasda təsir imkanları qazandırır. Regionda baş verən gərginliklər – xüsusilə ABŞ ilə İran arasındakı qarşıdurmalar bütün dünya iqtisadiyyatına təsir göstərir.
Yaranmış mürəkkəb vəziyyətdə Azərbaycan mühüm diplomatik rol oynaya bilər və öz enerji resurslarından digər dövlətlərə müsbət təsir göstərmək üçün istifadə imkanlarını nəzərdən keçirə bilər”,- deyə o bildirib.
İki ölkə arasındakı münasibətlərə toxunan professor Cihara mövcud potensialın hələ tam reallaşmadığını qeyd edib.
“Azərbaycan kimi strateji vacib ölkələrlə əlaqələrin daha geniş işıqlandırılmasına və inkişaf etdirilməsinə ehtiyac var. Azərbaycan-Yaponiya tərəfdaşlığı hər iki dövlət üçün böyük əhəmiyyət kəsb edir”,- deyə professor əlavə edib.
