Bakı. Trend:
ABŞ və İran arasında mümkün danışıqların gündəliyini Tehranın daha əvvəl irəli sürdüyü yeddi günlük planın şərtləri təşkil edir.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Telegram” kanalında paylaşım edib.
“Hazırda müzakirə masasında olan plan əslində İranın əvvəlcə irəli sürdüyü və yeddi günlük plan kimi tanınan təşəbbüsdür. Bu planda Hörmüz boğazının açılması ilə bağlı İranın şərtləri əks olunub. Bildirilib ki, həmin şərtlər yerinə yetirilərsə, altıncı gün Hörmüz boğazı açılacaq, yeddinci gün isə İran və ABŞ arasında danışıqlar bərpa olunacaq”, – deyə Əraqçi müsahibəsindən sitat gətirib.
O xatırladıb ki, plan Nyu-Yorkda, BMT Baş Assambleyasının iclasları zamanı təqdim edilib.
Nazir planın təfərrüatlarını açıqlayaraq bildirib ki, ilk gün ABŞ tərəfindən bir sıra addımlar atılmalı, ikinci gün isə Hörmüz boğazı açılaraq gəmi hərəkəti əvvəlki vəziyyətinə qaytarılmalıdır.
Əraqçinin sözlərinə görə, ABŞ-nin yerinə yetirməli olduğu şərtlər İslamabad Anlaşma Memorandumunda əksini tapıb.
O qeyd edib ki, memorandumun 9-cu bəndinə əsasən, ABŞ yeni sanksiyalar tətbiq etməməli və regiondakı hərbi qüvvələrinin sayını artırmamalıdır.
“Biz memorandum imzalandıqdan sonra tətbiq edilən bütün yeni sanksiyaların ləğvini, yaxud hərbi qüvvələrin azaldılaraq əvvəlki səviyyəyə qaytarılmasını tələb edirik. Həmçinin, mühasirənin aradan qaldırılması da gündəmdədir”, – deyə İranın XİN rəhbəri bildirib.
Əraqçi əlavə edib ki, həmin dövrdə nəzərdə tutulan neft istisnaları da müzakirə olunan məsələlər sırasındadır. Digər şərtlər isə İranın təqdim etdiyi yazılı sənəddə əksini tapıb.
