Azərbaycanda qiymətli kağızlar üzrə nominal ödənişlər 1,3 milyard manata yüksəlib

İqtisadiyyat Xəbər 3 Noyabr 2026 12:43 (UTC +04:00)
Azərbaycanda qiymətli kağızlar üzrə nominal ödənişlər 1,3 milyard manata yüksəlib
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin III rübündə Azərbaycanda qiymətli kağızlar üzrə nominal ödənişlərin həcmi 1 milyard 286,1 milyon manat təşkil edib. Bu, II rüblə müqayisədə 228,4 milyon manat və ya 21,6% çoxdur.

Bu barədə Milli Depozit Mərkəzi (MDM) məlumat yayıb.

Məlumata görə, hesabat dövründə nominal ödənişlərin əsas hissəsi Mərkəzi Bankın notları və dövlət istiqrazları üzrə həyata keçirilib.

Belə ki, III rübdə Mərkəzi Bankın notları üzrə nominal ödənişlərin həcmi 915,8 milyon manat olub. Bu göstərici II rübdə 355,4 milyon manat təşkil edib. Beləliklə, bu istiqamətdə ödənişlər 2,6 dəfəyə yaxın artıb.

Dövlət istiqrazları üzrə nominal ödənişlər isə əksinə, azalıb. II rübdə 660,9 milyon manat olan bu göstərici III rübdə 325,3 milyon manata enib.

Korporativ istiqrazlar üzrə nominal ödənişlərin həcmi isə II rübdəki 41,5 milyon manatdan III rübdə 45 milyon manata yüksəlib.

Hesabat dövründə kupon ödənişləri də qeydə alınıb. Belə ki, manatla ifadə olunan qiymətli kağızlar üzrə kupon ödənişlərinin həcmi III rübdə 131,1 milyon manat təşkil edib. II rübdə bu məbləğ 152,9 milyon manat olub.

ABŞ dolları ilə ifadə olunan qiymətli kağızlar üzrə kupon ödənişləri isə artıb. II rübdə 9,37 milyon dollar olan ödənişlər III rübdə 13,97 milyon dollara çatıb.

Manatla ifadə olunan qiymətli kağızlar üzrə kupon ödənişlərinin bölgüsünə əsasən, dövlət istiqrazları üzrə ödənişlər III rübdə 121,2 milyon manat, korporativ istiqrazlar üzrə isə 9,9 milyon manat təşkil edib.

Bundan əlavə, 2026-cı ilin II və III rübləri ərzində ümumi dividend ödənişlərinin həcmi 253,5 milyon manat olub. MDM-in məlumatına əsasən, bu göstəriciyə Mərkəzin ödəniş agenti qismində çıxış etdiyi və korporativ şirkətlər (maliyyə institutları) üzrə həyata keçirilən dividend ödənişləri daxildir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti