Azərbaycanda birjanın ilkin və təkrar bazarında əqdlərin həcmi artıb

İqtisadiyyat Xəbər 3 Noyabr 2026 12:44 (UTC +04:00)
Azərbaycanda birjanın ilkin və təkrar bazarında əqdlərin həcmi artıb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin III rübündə Azərbaycanda birjanın ilkin və təkrar bazarlarında manatla bağlanan əqdlərin ümumi həcmi 5 milyard manatı ötüb. İlkin bazarda əməliyyatların həcmi 3,29 milyard manat, təkrar bazarda isə təxminən 1,74 milyard manat təşkil edib.

Bu barədə Milli Depozit Mərkəzinin (MDM) II və III rüblər üzrə statistik bülletenində məlumat verilib.

Məlumata görə, hesabat dövründə birjanın ilkin bazarında manatla 2 750 əqd bağlanıb. Müqayisə üçün, II rübdə bu göstərici 21 919 əqd təşkil edib. Bununla belə, ilkin bazarda əqdlərin ümumi həcmi əvvəlki rübdəki 917,2 milyon manatdan 3,29 milyard manata yüksəlib. Beləliklə, əməliyyatların sayı kəskin azalsa da, onların ümumi dəyəri 3,6 dəfəyə yaxın artıb.

Təkrar bazarda da əməliyyatların həcmi əhəmiyyətli dərəcədə yüksəlib. Belə ki, III rübdə manatla 8 726 əqd üzrə 1,739 milyard manatlıq əməliyyat həyata keçirilib. II rübdə isə 5 533 əqd bağlanıb və onların ümumi həcmi 138,4 milyon manat olub. Nəticədə təkrar bazarda əməliyyatların həcmi əvvəlki rüblə müqayisədə 12,6 dəfə artıb.

Hüquqi və fiziki şəxslərin əməliyyatlarına görə bölgüdə də diqqətçəkən dəyişikliklər qeydə alınıb. Belə ki, III rübdə birjanın təkrar bazarında hüquqi şəxslərlə bağlanan əqdlərin həcmi 3,213 milyard manat təşkil edib. II rübdə bu göstərici 846,1 milyon manat olub. Beləliklə, hüquqi şəxslərlə əməliyyatların həcmi təxminən 3,8 dəfə artıb.

Fiziki şəxslərlə bağlanan əqdlərin həcmi isə III rübdə 86,1 milyon manata çatıb. II rübdə bu göstərici 79,5 milyon manat təşkil edib.

Əqdlərin sayına gəlincə, hesabat dövründə təkrar bazarda fiziki şəxslərlə 1 479, hüquqi şəxslərlə isə 51 əqd bağlanıb. II rübdə bu rəqəmlər müvafiq olaraq 18 510 və 48 olub.

ABŞ dolları ilə həyata keçirilən əməliyyatlarda isə ilkin bazarda III rübdə 57 əqd bağlanıb və onların ümumi həcmi 5 milyon dollar təşkil edib. Təkrar bazarda isə 208 əqd üzrə 39,7 milyon dollarlıq əməliyyat aparılıb.

Beləliklə, III rübdə Azərbaycan birjasında manatla ifadə olunan əməliyyatların ümumi həcmində ciddi artım müşahidə olunub. Xüsusilə təkrar bazarda hüquqi şəxslərin əməliyyatlarının həcminin 3,2 milyard manatı ötməsi qiymətli kağızlar bazarında institusional iştirakın miqyasını göstərən əsas göstəricilərdən biri olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti