Səbinə Əliyeva yenidən Ombudsman seçildi

Gündəm Sənəd 3 Noyabr 2026 12:11 (UTC +04:00)
Səbinə Əliyeva yenidən Ombudsman seçildi
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Səbinə Əliyeva Azərbaycan Respublikasının yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında müvafiq qərar qəbul edilib.

Ombudsman vəzifəsinə üç nəfərin namizədliyi irəli sürülüb. Onlar Səbinə Əliyeva, Elşanə Vəliyeva və Ceyhun Qaracayevdir.

S.Əliyeva səsvermə nəticəsində ən çox səsi toplayaraq 7 il müddətinə Ombudmsan seçilib.

İclasda iştirak edən deputatlardan 100-ü onun Ombudsman seçilməsinin lehinə, 1-i əleyhinə səs verib, 7-si isə səsvermədə bitərəf qalıb.

Yenidən Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsmanı) seçilən Səbinə Əliyeva Milli Məclisdə and içib.

Səbinə Əliyeva parlamentdə öz vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirəcəyinə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edəcəyinə, müstəqil və qərəzsiz fəaliyyət göstərəcəyinə and içib. S.Əliyeva ona göstərilən etimada görə Prezident İlham Əliyevə, Milli Məclisin sədrinə və deputatlara təşəkkür edib.

Xatırladaq ki, Səbinə Əliyeva ilk dəfə 29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən Ombudsman seçilib.

Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri 8 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. 1996–2000-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr, 2000–2002-ci illərdə isə magistratura təhsili alıb və hər iki pilləni fərqlənmə diplomu ilə başa vurub.

2009–2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər ixtisası üzrə əlavə ali təhsil alıb. 2016-cı ildə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan qanunvericiliyinə tətbiqinə dair dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi qazanıb.

Əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində başlayıb. Müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2015-ci ildə Konstitusiya Məhkəməsi Aparatı rəhbərinin müavini vəzifəsinə təyin olunub. 2016-cı ildə ona üçüncü dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi verilib.

29 noyabr 2019-cu ildə Milli Məclis tərəfindən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) seçilib. Həmin vaxtdan bu vəzifəni icra edir. Ombudsman kimi onun əsas fəaliyyət istiqamətləri insan və vətəndaş hüquqlarının müdafiəsi, hüquq və azadlıqların pozulması hallarının araşdırılması, dövlət orqanlarının fəaliyyətində insan hüquqlarına riayət olunmasına nəzarət və hüquqi maarifləndirmədir.

Beynəlxalq fəaliyyəti çərçivəsində 2023-cü ildə Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilib. Həmin il İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinə üzv seçilib. O, həmçinin Azərbaycan Prezidentinin təsis etdiyi “Yüksəliş” müsabiqəsinin mentorudur və COP29 Təşkilat Komitəsinin üzvü olub.

Məlumat üçün bildirək ki, Ombudsman 7 il müddətinə seçilir və eyni şəxs bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz. Müvəkkilin səlahiyyət müddətinin başa çatmasına 30 gün qalmış Prezident yeni ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini Milli Məclisə təqdim edir. Parlament 15 gün müddətində yeni ombudsmanın seçilməsi ilə bağlı qərar qəbul edir.

Ombudsman siyasi fəaliyyətlə məşğul ola və hər hansı siyasi partiyanın üzvü ola bilməz. Həmçinin, o, qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz. Vəzifəyə seçildiyi gündən beş iş günü ərzində statusuna uyğun olmayan fəaliyyətini dayandırmalıdır. Ombudsman seçildiyi gün Milli Məclisin iclasında Konstitusiyaya və qanunlara əməl edəcəyinə, səlahiyyətlərini şərəf və ləyaqətlə yerinə yetirəcəyinə, müstəqil və qərəzsiz fəaliyyət göstərəcəyinə dair and içir.

Ombudsman vəzifəsinə yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəsi və yüksək əxlaqi keyfiyyətləri olan Azərbaycan vətəndaşı seçilə bilər. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəlik daşıyan, qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan, məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiqlənən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər bu vəzifəyə seçilə bilməzlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti