Azərbaycanda investorların sayı 185 mini ötüb

İqtisadiyyat Xəbər 3 Noyabr 2026 12:34 (UTC +04:00)
Azərbaycanda investorların sayı 185 mini ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin III rübünün sonuna Azərbaycanda depo hesablarının sayı 196,7 minə çatıb. Bu, II rübün sonu ilə müqayisədə 1 964 hesab və ya təxminən 1% çoxdur.

Bu barədə Milli Depozit Mərkəzi (MDM) məlumat yayıb.

Hesabat dövründə ümumi unikal investorların sayı isə 185 148 nəfər təşkil edib. II rübün sonu ilə müqayisədə investorların sayı 1 590 nəfər artıb.

Hesabatdan görünür ki, III rübün sonuna ölkədə aktiv investorların sayı 26 939-a yüksəlib. Onların 26 773-ü fiziki, 166-sı isə hüquqi şəxslərdir. II rüblə müqayisədə fiziki investorların sayı 44 nəfər artdığı halda, hüquqi investorların sayı 12 nəfər azalıb.

Yeni investorların cəlb olunması baxımından da III rübdə artım qeydə alınıb. Belə ki, rüb ərzində 1 584 fiziki və 7 hüquqi şəxs olmaqla, ümumilikdə 1 591 yeni unikal investor qeydə alınıb. Müqayisə üçün, II rübdə bu göstərici fiziki şəxslər üzrə 16 123, hüquqi şəxslər üzrə isə 12 olub.

Yeni investorların yaş bölgüsünə nəzər saldıqda, əsas payın 18-36 yaş qrupuna aid olduğu görünür. Bu kateqoriyada 827 investor qeydə alınıb. 36-54 yaş qrupunda 533, 54-72 yaş qrupunda 186, 72-90 yaş qrupunda 36, 18 yaşadək investorların sayında isə cəmi 2 nəfər qeydə alınıb.

Yeni investorların gender bölgüsündə kişilərin payı 72%, qadınların payı isə 28% təşkil edib.

Aktiv investorların yaş bölgüsündə də 36-54 yaş qrupu üstünlük təşkil edir. Bu kateqoriyada 10 037 investor var. 18-36 yaş qrupunda 8 979, 54-72 yaş qrupunda 6 609, 18 yaşadək şəxslər arasında 700, 72-90 yaş qrupunda isə 448 aktiv investor qeydə alınıb. Aktiv investorların 67%-i kişilər, 33%-i qadınlardır.

Depoz hesablarının açılma növlərinə görə bölgüsündə məsafədən açılan hesablar üstünlük təşkil edir. III rübdə bu üsulla 1 587 hesab açılıb. Ənənəvi qaydada açılan hesabların sayı isə 378 olub.

Hesabların regional bölgüsünə gəlincə, Bakı 1 157 hesabla ilk sırada qərarlaşıb. Sumqayıtda 85, Gəncədə 60, Abşeron rayonunda 47, Lənkəranda 36 hesab qeydə alınıb. Digər regionların payına isə 741 hesab düşüb.

Qeyd edək ki, III rübün yekunlarına əsasən, emitent hesablarının sayı 2 126, ümumi aktiv investor hesablarının sayı 26 939, ümumi unikal investorların sayı isə 185 148 olub. Rüb ərzində 1 investorun uçotdan çıxarıldığı, 1 depo hesabının bağlandığı da bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti