Bakı. Trend:
8 Noyabr Azərbaycanın tarixində milli qürurun, sarsılmaz birliyin və dövlətçilik iradəsinin yeni erasının başlanğıcı, Heydər Əliyev siyasi kursunun və Prezident İlham Əliyevin siyasətinin təntənəsidir.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində əsas meyar sülh haqqında bəlağətli nitqlər deyil, real sülhü bərqərar etmək qətiyyətidir.
“Prezident İlham Əliyev regional sülhü birbaşa döyüş və diplomatiya meydanında mütləq Zəfərlə təmin etdi. Bu, bizim qələbəmizdir, bizim silahımızın, əsgərimizin və liderimizin qələbəsidir! Cənab İlham Əliyev sülhü öz gücümüzlə reallığa çevirərək ürəyi Vətənlə döyünən hər bir azərbaycanlını bu Zəfərə şərik etdi”, – deyə o vurğulayıb.
B.Məhərrəmov qeyd edib ki, 44 günlük Vətən müharibəsinin hər günü ayrıca qəhrəmanlıq salnaməsidir. Onun sözlərinə görə, xalqımızın qəhrəmanlığı heç vaxt şübhə doğurmayıb, Vətən müharibəsində isə Azərbaycan hərbi-siyasi Zəfər qazanıb.
Deputat bildirib ki, mürəkkəb geosiyasi şəraitdə Zəfərin nəticələrini qorumaq ən azı qələbənin özü qədər çətindir. O, ölkənin güclənən qüdrətini, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərini, keçmiş işğal zonasının milli iqtisadiyyata reinteqrasiyasını Zəfərin dayanıqlılığının göstəriciləri kimi qiymətləndirib.
B.Məhərrəmov çıxışında 100 mindən artıq vətəndaşın öz ata-baba yurdlarına layiqli qayıdışının təmin olunduğunu bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatın bərpa edildiyi ərazilərin sahəsi Monteneqro, Livan və Qətər də daxil olmaqla, dünyanın 40-dan çox ölkəsinin ərazisindən böyükdür.
"Azərbaycanın məscidləri, ziyarətgahları müsəlman ümmətinin qəbirlərini tapdaqdan xilas etdiyi əraziləri sahəsinə görə dünyanın 7 müsəlman dövlətinin ərazisindən daha böyükdür və bütün İslam dünyası buna görə İlham Əliyev şəxsiyyətinə minnətdar olmalıdır".
Deputat bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin ölkəni xaosdan xilas edərək sabitlik və inkişafın əsasını qoymasının dayandığını vurğulayıb.
“O təməl üzərində ucalan Zəfərin müəllifi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Bizim böyük dövlətçilik tariximiz var. Amma cənab İlham Əliyev bu xalq üçün elə bir Zəfər qazanıb ki, dövlətçilik tariximiz olmasaydı belə, bu uğur xalqımızın adının dünyanın dövlətçilik tarixinə əbədi həkk edilməsinə kifayət edərdi. Hər bir azərbaycanlı bu Zəfərin qürurunu yaşayaraq nəsildən-nəslə ötürəcək”, – deyə B.Məhərrəmov əlavə edib.
