Bəzi şəxslər din adı altında ölkəmizdə qruplar yaratmağa çalışır - Siyavuş Novruzov

Siyasət Xəbər 3 Noyabr 2026 13:04 (UTC +04:00)
Bəzi şəxslər din adı altında ölkəmizdə qruplar yaratmağa çalışır - Siyavuş Novruzov
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Din, elm və kitab satışı pərdəsi altında Azərbaycana göndərilən bəzi şəxslər əslində antidövlət fəaliyyətlə məşğul olur.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, miqrasiya sahəsində islahatlar aparılır və yeniliklər dünya standartlarına uyğunlaşdırılır. Bununla belə, onun sözlərinə görə, miqrasiya məsələsinə yalnız iqtisadi və sosial deyil, həm də milli təhlükəsizlik aspektindən yanaşmaq lazımdır.

S.Novruzov qeyd edib ki, ayrı-ayrı şəxslərin müxtəlif adlar və fəaliyyət istiqamətləri altında digər ölkələrə casusluq məqsədilə göndərilməsi halları da miqrasiya proseslərindən istifadə edilməklə həyata keçirilə bilər.

“Biz dəfələrlə görmüşük ki, Azərbaycanda din pərdəsi altında, elm pərdəsi altında, kitab satmaq pərdəsi altında, başqa-başqa üsul və vasitələrlə guya mütəxəssis kimi göndərilib, lakin əslində bu antidövlət fəaliyyəti ilə burada məşğul olur və burada qruplar yaradır, dövlətin əleyhinə müxtəlif cinayət proseslərini hazırlayır. Və bizim təhlükəsizlik orqanları tərəfindən təbii ki, ifşa olunur”, – deputat bildirib.

O hesab edir ki, miqrasiya sahəsində qanunvericilik təkmilləşdirilməli, ölkəyə gələn əcnəbilərin müxtəlif kateqoriyalar üzrə yoxlanılması və Azərbaycanda qalma prosedurları daha da gücləndirilməlidir.

Deputat investisiya qoyan şəxslərin və Azərbaycanda rezidentlik əldə edənlərin ölkədə fəaliyyət göstərməsi məsələsinə də toxunub. Onun fikrincə, böyük dövlətlərin maliyyə imkanları nəzərə alınaraq, investisiya və rezidentlik mexanizmlərindən sui-istifadə riskləri də qiymətləndirilməlidir.

Deputat vurğulayıb ki, Azərbaycana həqiqi mütəxəssislərin gəlməsi, onların təcrübəsindən faydalanmaq və yeni kadrların yetişdirilməsi vacibdir. Lakin mütəxəssis adı altında ölkəyə gəlib başqa məqsədlər güdən şəxslərin fəaliyyətinə imkan verilməməlidir.

O, çıxışının sonunda müzakirə olunan qanun layihəsinə səs verəcəyini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti