Azərbaycan-Özbəkistan əbədi dostluq müqaviləsi ratifikasiya edildi

Siyasət Sənəd 3 Noyabr 2026 12:29 (UTC +04:00)
Azərbaycan-Özbəkistan əbədi dostluq müqaviləsi ratifikasiya edildi
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclis Azərbaycanla Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə və pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Sazişi ratifikasiya edib.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub.

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə

Təqdim edilmiş qanun layihəsi ilə 2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanıb "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"nin təsdiq edilməsi nəzərdə tutulur.

11 maddədən ibarət Müqavilənin əsas məqsədi Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsidir.

Müqaviləyə əsasən, Tərəflər beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını rəhbər tutaraq, münasibətlərini əbədi dostluğa, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslandırırlar.

Müqavilədə Tərəflərin bir-birinin köklü maraqlarına toxunan əsas məsələlər üzrə mövqelərini dəstəkləməsi, digər Tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran bloklarda və ittifaqlarda iştirak etməməsi, habelə öz ərazilərindən digər Tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vurmaq məqsədilə istifadə edilməsinə yol verməməsi nəzərdə tutulur.

Ali Sənəddə parlamentlərarası əlaqələrin genişləndirilməsi, Dövlətlərarası Şuranın əlaqələndirici və stimullaşdırıcı rolundan səmərəli istifadə edilməsi, siyasi məsləhətləşmələrin aparılması, ticarət-iqtisadi və investisiya əməkdaşlığının, nəqliyyat və logistika əlaqələrinin inkişaf etdirilməsi, eləcə də elm, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, Müqavilədə qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər üzrə mövqelərin əlaqələndirilməsi, münaqişələrin qarşısının alınması və nizamlanmasında, regional və qlobal təhlükəsizlik və sabitlik problemlərinin həllində Birləşmiş Millətlər Təşkilatının mərkəzi rolunun daha da möhkəmləndirilməsinə sadiqlik təsdiq edilir.

Müqavilə üçüncü dövlətlərə qarşı yönəlməyib və Tərəflərin digər ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

Müqavilə onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir və qeyri-müəyyən müddətə bağlanılır. Tərəflərdən birinin Müqaviləni ləğv etmək niyyəti barədə yazılı bildirişi digər Tərəf aldıqdan on iki ay sonra Müqavilə ləğv edilir.

Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanıb, 26 maddədən ibarət Sazişin əsas məqsədi Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında pensiya təminatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və vətəndaşların pensiya hüquqlarının təmin edilməsidir.

Sazişə əsasən, Tərəflərin dövlətlərinin vətəndaşları pensiya təminatı sahəsində digər Tərəfin dövlətinin qanunvericiliyi tətbiq edilərkən həmin dövlətin vətəndaşları ilə bərabər hüquqlara malikdirlər və bərabər öhdəliklər daşıyırlar.

Sazişdə pensiya hüquqlarının müəyyən edilməsi, sığorta stajının hesablanması və təsdiq edilməsi, pensiyaların təyin edilməsi, hesablanması, yenidən hesablanması və ödənilməsi qaydaları tənzimlənir.

Sazişə əsasən, pensiya hüququnun müəyyən edilməsi zamanı Tərəflərin dövlətlərinin ərazilərində, o cümlədən keçmiş Azərbaycan SSR və Özbəkistan SSR ərazilərində əldə edilmiş sığorta stajı Sazişdə müəyyən edilmiş qaydada nəzərə alınır. Həmçinin Saziş qüvvəyə minməzdən əvvəl əldə edilmiş sığorta stajı (Azərbaycan Respublikasına münasibətdə və/və ya pensiya kapitalı) da nəzərə alınır.

Hər bir Tərəfin dövlətinin səlahiyyətli qurumu öz ərazisində əldə edilmiş sığorta stajına uyğun pensiya məbləğini həmin dövlətin qanunvericiliyinə əsasən hesablayır. Pensiyalar şəxsin digər Tərəfin dövlətinin ərazisində yaşaması ilə əlaqədar azaldıla, müvəqqəti dayandırıla və ya ləğv edilə bilməz.

Bununla yanaşı, Sazişdə pensiyaların digər Tərəfin dövlətinin ərazisinə köçürülməsi, tibbi müayinələrin keçirilməsi, səlahiyyətli qurumlar arasında məlumat mübadiləsi və qarşılıqlı yardım, müraciət və şikayətlərə baxılması, fərdi məlumatların mühafizəsi, artıq ödənilmiş pensiya məbləğlərinin geri qaytarılması və pensiyalara yenidən baxılması məsələləri nəzərdə tutulur. Pensiyaların ödənişi avro və ya ABŞ dolları ilə həyata keçirilir.

Saziş qüvvəyə minməzdən əvvəl baş vermiş sığorta hallarına da şamil edilir və Tərəflərin dövlətlərinin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.

Saziş ratifikasiya edilməlidir və ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Saziş qeyri-müəyyən müddətə bağlanılır.

Saziş qüvvəyə mindiyi tarixdən 1996-cı il mayın 27-də Bakı şəhərində imzalanıb "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş" qüvvəsini itirir.

Hər iki qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti