Hərbi xidmət əleyhinə inzibati xətalarla bağlı dəyişikliklər təklif olunur

Siyasət Xəbər 3 Noyabr 2026 15:02 (UTC +04:00)
Hərbi xidmət əleyhinə inzibati xətalarla bağlı dəyişikliklər təklif olunur
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

İnzibati Xətalar Məcəlləsində hərbi xidmət əleyhinə olan inzibati xətalarla bağlı bir sıra dəyişikliklər edilməsi təklif olunur.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Əminə Ağazadə İnzibati Xətalar Məcəlləsinə bəzi dəyişikliklər barəsində Milli Məclisdə çıxış zamanı deyib.

O qeyd edib ki, dəyişikliklər əsasən bu sahədə inzibati icraatın təkmilləşdirilməsinə, hərbi prokurorun nəzarət səlahiyyətlərinin genişləndirilməsinə və tətbiq olunan tənbeh tədbirlərinin diferensiallaşdırılmasına yönəlib.

"İlk növbədə, hərbi prokurorun səlahiyyətləri ilə bağlı yeniliyi diqqətinizə çatdırmaq istərdim. Mövcud qanunvericiliyə əsasən, müvafiq inzibati xətalar üzrə icraat başlandıqda bu barədə hərbi prokurora məlumat verilir. Təklif olunan dəyişikliklə isə tərtib edilmiş protokolların və qəbul olunmuş qərarların surətlərinin də hərbi prokurora göndərilməsi nəzərdə tutulur. Eyni zamanda, hərbi prokurora həmin qərarların qanuniliyini və əsaslılığını 30 gün müddətində yoxlamaq, qanunsuz və ya əsassız qərarları ləğv edərək materialları yenidən baxılması üçün aidiyyəti orqana göndərmək səlahiyyəti verilir. Beləliklə, hərbi prokurorun nəzarəti yalnız icraatın başlanması barədə məlumat almaqla məhdudlaşmayacaq, qəbul edilmiş qərarların qanuniliyinin yoxlanılmasını da əhatə edəcək.

Digər dəyişiklik inzibati xətalar haqqında işlərə baxılması müddəti ilə bağlıdır.Hərbi qulluqçunun xidməti vəzifələrinin icrası ilə əlaqədar və ya digər üzrlü səbəblərdən dərhal məhkəməyə gəlməsi mümkün olmadıqda, inzibati həbs nəzərdə tutulan müvafiq işlərə 15 gün müddətində baxılması təklif edilir. Bu qayda hərbi xidmətin xüsusiyyətləri nəzərə alınmaqla inzibati icraatın həyata keçirilməsinə imkan yaradacaq", - deyə Ə.Ağazadə bildirib.

Deputat vurğulayıb ki, layihədə nəzərdə tutulan digər yenilik hərbi intizamla bağlı müəyyən inzibati xətalara görə tətbiq edilən tənbeh tədbirlərinə aiddir.

"Belə ki, hərbi hissəni və ya xidmət yerini üzrsüz səbəblərdən tərk etmə, eləcə də xidmət yerinə vaxtında gəlməmə ilə bağlı müəyyən xətalara görə inzibati həbsə alternativ olaraq cərimə tətbiq edilməsi təklif olunur. Bu xətaların xarakterindən asılı olaraq, 200 manatdan 300 manatadək və 300 manatdan 500 manatadək cərimə nəzərdə tutulur. Burada qeyd etmək vacibdir ki, inzibati həbs ləğv edilmir. Sadəcə, alternativ tənbeh tədbiri müəyyən olunur ki, bu da xətanın xarakteri və törədilmə halları nəzərə alınmaqla daha mütənasib qərar qəbul edilməsinə imkan verir.

Beləliklə, qanun layihəsi bir tərəfdən inzibati icraat üzərində hüquqi nəzarəti gücləndirir, digər tərəfdən isə hərbi xidmətin xüsusiyyətlərini və inzibati məsuliyyətin fərdi tətbiqi zərurətini nəzərə alır", - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti