Bakı.Trend:
Dron hücumları fonunda Rusiyanın paytaxtı Moskvanın dörd hava limanında "Kover" (Xalça) planı bütün gecə ərzində qüvvədə olub.
Bu barədə “Krışa TurDoma” Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, məhdudiyyətlər noyabrın 2-də saat 23:00-da tətbiq edilib və yalnız noyabrın 3-də saat 08:02-də aradan qaldırılıb. İlk olaraq Vnukovo, daha sonra isə Domodedovo hava limanları bağlanıb. Şeremetyevo və Jukovski hava limanları isə təyyarələri yalnız müvafiq razılaşdırma əsasında qəbul edib və yola salıb.
Məlumata görə, reyslərin gecikməsi 20 saata çatıb. Onlarla təyyarə ehtiyat hava limanlarına – Nijni Novqorod, Saratov və Sankt-Peterburqa yönləndirilib. Hurqadadan uçan "Nesma Airlines" aviaşirkətinə məxsus təyyarə isə Minskə enib. Bir neçə təyyarə İstanbula, biri isə Bakıya geri qayıdıb.
Bundan əlavə, bir neçə geri dönüş reysi ləğv edilib. Vnukovo hava limanında ləğvlər Azərbaycan, Türkiyə, Misir, və Ermənistana uçuşlar da daxil olmaqla, 25 reysə şamil olunub. 70-dən çox reys isə gecikib.
Nəşrin yazdığına görə, hazırda "Utair" aviaşirkətinin İrəvana uçuşu 21 saat gecikir. Bakı istiqamətində iki reysin uçuş vaxtı müvafiq olaraq 16,5 və 18 saat təxirə salınıb. Bəzi turistlər Avropaya davam edən uçuşlar üçün nəzərdə tutulan tranzit reyslərini qaçırıblar.
