Mayeləşdirilmiş təbii qaz ticarəti 2 faiz azalıb

İqtisadiyyat Xəbər 3 Noyabr 2026 20:04 (UTC +04:00)
Mayeləşdirilmiş təbii qaz ticarəti 2 faiz azalıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin yanvar-oktyabr aylarında dünya üzrə mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 11 milyard kubmetr və ya 2 faiz azalıb.

Beynəlxalq Enerji Agentliyinin (IEA) “Global Gas Security Review 2026” hesabatında qeyd olunur ki, ilin yekunlarına görə, qlobal LNG bazarında 2012-ci ildən bəri ilk illik azalma qeydə alına bilər.

Sənəddə bildirilir ki, yeni və mövcud layihələrdən tədarükün əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, Hörmüz boğazından gəmiçiliyə səkkiz ay ərzində tətbiq edilən məhdudiyyətlər dünya qaz bazarında vəziyyəti əvvəlki proqnozlarla müqayisədə xeyli gərginləşdirib.

“Təklifin azalması fonunda Avropa və Asiyanın LNG idxalı da oktyabr ayınadək illik ifadədə azalıb. Bununla yanaşı, iyul ayından etibarən əlverişsiz bazar amillərinin məcmu təsiri və istilik mövsümünün yaxınlaşması səbəbindən idxalçılar arasında spot LNG partiyaları uğrunda rəqabət xeyli güclənib.

Fars körfəzindən LNG tədarükündə növbəti fasilələr bazardakı gərginliyi təkcə 2026-cı ilin sonunadək deyil, həm də 2026/2027-ci illərin qış mövsümündə artıra bilər.

Bununla belə, yeni qazın mayeləşdirilməsi güclərinin istismara verilməsi Hörmüz boğazının bağlanmasının nəticələrini qismən yumşaltmağa imkan verib. Yanvar-oktyabr aylarında yeni layihələr LNG təklifinin illik ifadədə təxminən 38 milyard kubmetr artmasını təmin edib. Əlavə həcmlərin təxminən 85 faizi Şimali Amerikanın payına düşüb.

Əsas töhfəni 2025-ci ildə hasilatı artırmağa başlayan üç layihə verib: ABŞ-də “Plaquemines LNG” və “Corpus Christi” layihəsinin genişləndirilməsinin üçüncü mərhələsi, eləcə də əməliyyat çətinliklərinə baxmayaraq, “LNG Canada” layihəsi.

Konqoda, həmçinin Mavritaniya və Seneqal sahillərində yeni layihələr daha məhdud – təxminən 3 milyard kubmetr həcmində artım təmin edib. Bununla belə, bu, Afrikanın qlobal LNG bazarında rolunun artdığını göstərir”, - deyə hesabatda bildirilir.

Qeyd olunur ki, 2026-cı ilin yanvarında Avstraliyanın “Darwin LNG” layihəsi ixracı bərpa edib. Qazla əlaqəli yatağın tükənməsi səbəbindən layihə iki il ərzində fəaliyyət göstərməyib. Yeni “Barossa” yatağının layihəyə qoşulması nəticəsində ilin ilk on ayında Avstraliyadan LNG ixracı təxminən 2,8 milyard kubmetr və ya 3 faiz artıb.

“Əlavə həcmlər mövcud layihələr hesabına da təmin edilib. Bəzi ixracatçılar tədarükü illik ifadədə təxminən 16 milyard kubmetr artırıblar.

Belə ki, Malayziyadan LNG ixracı 4 milyard kubmetr və ya 14 faiz, Nigeriyadan ixrac isə 5 milyard kubmetr və ya 30 faiz artıb. Buna əməliyyat fəaliyyətinin yaxşılaşması və mayeləşdirmə üçün qazın əlçatanlığının yüksəlməsi imkan yaradıb.

2025-ci ildə planlı və plandankənar dayandırmalardan sonra müəssisələrin fəaliyyətinin normallaşması nəticəsində Norveçdən tədarük təxminən 2,5 milyard kubmetr və ya 80 faiz artıb.

Rusiyadan ixracda da 2 milyard kubmetrdən çox və ya 6 faizlik artım qeydə alınıb. Buna sanksiyalar altında olan “Arctic LNG 2” layihəsindən Çinə tədarükün artırılması töhfə verib.

Omanın LNG ixracı təxminən 1,4 milyard kubmetr və ya 11 faiz artıb. Buna zavodun üç texnoloji xəttinin layihə gücündən yüksək yüklənmə ilə işləməsi imkan yaradıb.

Bəzi digər mövcud müəssisələrdə istehsalın azalması nəzərə alınmaqla, yanvar-oktyabr aylarında mövcud layihələr hesabına LNG təklifinin ümumi xalis artımı təxminən 13 milyard kubmetr təşkil edib”, - deyə agentlik bildirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti