Bakı.Trend:
2026-cı ildə Avrasiyada təbii qaz hasilatının əvvəlki illə müqayisədə təxminən 1,5 faiz artacağı gözlənilir. Artım əsasən Rusiyada hasilatın yüksəlməsi hesabına baş verəcək.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) “Global Gas Security Review 2026” hesabatında bildirilir. Bununla belə, regionda qaz hasilatının həcmi 2021-ci ilin göstəricisindən 10 faiz aşağı qalacaq.
BEA-nın ilkin məlumatlarına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Avrasiyada təbii qaz hasilatı illik müqayisədə 1,5 faiz artıb. 2025-ci ildə 3 faiz azalan regionda hasilat daxili tələbatın və mayeləşdirilmiş təbii qaz (LNG) ixracının artması fonunda bərpa olunmağa başlayıb.
Hesabatda qeyd olunur ki, regionda hasilat artımının əsas hissəsinin payına düşdüyü Rusiyada 2026-cı ilin ilk doqquz ayında qaz hasilatı 3 faizdən çox, yaxud 16 milyard kubmetr artıb. Halbuki 2025-ci ildə daxili tələbatın zəifləməsi və ixracın azalması səbəbindən bu göstərici 3 faiz, yaxud 25 milyard kubmetr azalmışdı.
Rusiyada hasilatın bərpasına, ilk növbədə, daxili bazara tədarükün artması təsir göstərib. Birinci rübdə qışın daha soyuq keçməsi yaşayış və kommersiya sektorlarında qaz istehlakının yüksəlməsinə şərait yaradıb.
Yanvar-sentyabr aylarında Rusiyadan Avropa İttifaqına boru kəmərləri vasitəsilə qaz ixracı illik müqayisədə 1,5 faiz, yaxud 200 milyon kubmetrdən çox artıb. Eyni zamanda, ilin ilk səkkiz ayında Türkiyəyə qaz tədarükü 17 faiz, yaxud 2,4 milyard kubmetr azalıb.
Mövcud qiymətləndirmələrə görə, “Sibirin Gücü” qaz kəməri vasitəsilə Rusiyadan Çinə qaz ixracı ötən ilin səviyyəsi ilə müqayisədə cüzi artıb. Bundan əlavə, Rusiya Mərkəzi Asiyaya boru kəmərləri vasitəsilə qaz tədarükünü artırmaqda davam edir. “Qazprom”un sentyabrın əvvəlində verdiyi məlumata görə, region ölkələrinin bazarlarına qaz tədarükü 2025-ci illə müqayisədə 70 faiz artıb.
Hesabatda bildirilir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Rusiyadan LNG ixracı 7 faiz, yaxud 2 milyard kubmetrdən çox artıb.
Bununla yanaşı, Rusiyadan Avropa İttifaqına qaz tədarükü REPowerEU reqlamenti çərçivəsində məhdudiyyətlərə məruz qalır. Rusiya LNG-sinin və boru kəmərləri vasitəsilə qazın qısamüddətli satın alınması müvafiq olaraq aprelin 25-dən və iyunun 17-dən qadağan edilib. May-iyun aylarında Rusiyadan Aİ-yə LNG tədarükünün artmasına baxmayaraq, 2026-cı ilin üçüncü rübündə bu göstərici illik müqayisədə 30 faiz, yaxud 1 milyard kubmetr azalıb.
Rusiya LNG-sinin uzunmüddətli müqavilələr əsasında idxalı 2027-ci il yanvarın 1-dən qadağan ediləcək. Rusiyadan Aİ-yə boru kəmərləri vasitəsilə qaz tədarükünün tam dayandırılması isə 2027-ci ilin dördüncü rübünə planlaşdırılıb. BEA-nın qiymətləndirməsinə görə, bu, 2027-ci ildə Rusiyanın Avropa İttifaqına qaz ixracının 2026-cı illə müqayisədə 30 milyard kubmetr azalmasına səbəb olacaq.
Mərkəzi Asiya ölkələrində 2026-cı ildə qaz hasilatının dinamikası fərqli olub. Türkmənistanda ilin ilk yarısında hasilat illik müqayisədə 0,4 faiz artıb.
Agentliyin hesabatına əsasən, Özbəkistanda isə yanvar-sentyabr aylarında qaz hasilatı 16 faiz, yaxud 5 milyard kubmetrdən çox azalıb. BEA bunu ölkənin istismarda olan yataqlarında hasilat göstəricilərinin pisləşməsi ilə əlaqələndirir.
Qazaxıstanda əmtəəlik qaz hasilatı da eyni dövrdə, qiymətləndirmələrə görə, təxminən 9 faiz, yaxud 2 milyard kubmetrdən çox azalıb.
BEA-nın məlumatına görə, Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında əmtəəlik qaz hasilatı 1,5 faiz, yaxud 500 milyon kubmetrdən çox azalıb. Eyni dövrdə ölkədən boru kəmərləri vasitəsilə qaz ixracı da illik müqayisədə təxminən 4 faiz aşağı düşüb.
Ümumilikdə, BEA 2026-cı ilin yekunlarına görə, Avrasiyada qaz hasilatının artımının əsas mənbəyinin Rusiya olacağını gözləyir. Daxili tələbatın bərpası və LNG ixracının genişlənməsi hasilatın artımına təkan verəcək.
