Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil – Mətbuat Şurasının sədri

Gündəm Xəbər 3 Noyabr 2026 17:42 (UTC +04:00)
Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil – Mətbuat Şurasının sədri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün təqdimatı keçirilən “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabı Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin beynəlxalq hərbi elmi müstəvidə qiymətləndirilməsi baxımından mühüm hadisədir.

Bunu Trend-ə açıqlamasında Mətbuat Şurasının sədri, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib.

Onun sözlərinə görə, kitabın əsas üstünlüyü Azərbaycanın qələbəsini yalnız hərbi texnologiyalar, xüsusilə dronların tətbiqi ilə izah edən geniş yayılmış yanaşmaya alternativ elmi baxış ortaya qoymasıdır. Əsərdə xüsusi vurğulanan məqamlardan biri müasir döyüş sistemlərinin kompleks tətbiqidir.

“Kitabın ən mühüm qənaətlərindən biri hərbi qələbənin təməlinin yalnız döyüş meydanında qoyulmadığının göstərilməsidir. Azərbaycanın Zəfəri uzun illər ərzində həyata keçirilmiş dövlət quruculuğu, iqtisadi inkişaf, ordu quruculuğu, hərbi modernləşmə və milli gücün səfərbər edilməsinin nəticəsi idi. Bu baxımdan milli iradə, siyasi rəhbərliyin qətiyyəti və cəmiyyətin həmrəyliyi hərbi uğurun mühüm komponentləri kimi çıxış edib.

Kitabın diqqət çəkən digər istiqaməti informasiya və kommunikasiya strategiyasına verilən önəmdir. 44 günlük müharibə göstərdi ki, müasir dövrdə hərbi əməliyyatlar informasiya mübarizəsindən ayrı təsəvvür edilə bilməz. Prezident İlham Əliyevin beynəlxalq mediaya verdiyi müsahibələr, Azərbaycanın mövqeyini dünya ictimaiyyətinə çatdırması və dezinformasiyaya qarşı operativ reaksiyası bu strategiyanın mühüm tərkib hissəsi idi.
Bu nəşrin beynəlxalq əhəmiyyəti həm də ondadır ki, Azərbaycanın hərbi təcrübəsi xarici hərbi mütəxəssislər tərəfindən araşdırılır və müasir müharibələrin öyrənilməsi kontekstində qiymətləndirilir. Bu, Vətən müharibəsinin təcrübəsinin beynəlxalq hərbi-elmi dövriyyəyə daxil edilməsi baxımından əhəmiyyətlidir”, - deyə o bildirib.

Xatırladaq ki, 3 noyabr 2026-cı il tarixində Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzində (BMTMM) amerikalı müəlliflər Liam Collins və John Spencer-in Qarabağ münaqişəsinin tarixi köklərini və 44 günlük Vətən müharibəsinin əsas hadisələrini təhlil edən “The War for Karabakh” kitabının təqdimat mərasimi keçirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti