ABŞ müəllifləri Vətən Müharibəsində ordu, dövlət və xalq birliyini xüsusi qeyd edib - Şərh

Siyasət Xəbər 3 Noyabr 2026 16:48 (UTC +04:00)
ABŞ müəllifləri Vətən Müharibəsində ordu, dövlət və xalq birliyini xüsusi qeyd edib - Şərh
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün Bakıda təqdimatı keçirilən “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (The War for Karabakh: Strategy, Technology, and Victory) kitabı İkinci Qarabağ müharibəsinin gedişini, Azərbaycan Ordusunun döyüş əməliyyatlarını və qələbənin əldə olunmasında əsas rol oynayan amilləri geniş şəkildə təhlil edir.

Bu barədə Trend-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, kitab iki il ərzində hazırlanıb və müharibə ilə bağlı proseslər geniş perspektivdən araşdırılıb. Diqqətçəkən məqamlardan biri də müəlliflər - Liam Kollinz və Con Spenser kitab üzərində işləyərkən həm Azərbaycanda, həm də Ermənistanda fəaliyyət göstərməsidir.

“Nəşrdə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsi zamanı tətbiq etdiyi yeni silahlı mübarizə metodları ətraflı təhlil olunub.

Müharibənin ilk günündən Şuşa şəhərinin azad edilməsinə və Ermənistanın kapitulyasiya aktını imzalamasına qədər baş verən döyüşlər, hərbi bölmələrin real döyüş əməliyyatlarındakı fəaliyyəti detallı şəkildə işıqlandırılıb. Müəlliflər müharibədə müasir texnologiyanın rolunu nəzərdən keçirməklə yanaşı, qələbənin əldə olunmasında milli gücün və insan faktorunun əhəmiyyətini xüsusi vurğulayıblar. Başqa sözlə, qələbənin əldə olunmasında dövlətin bütün resurslarını vahid hədəf ətrafında birləşdirməsi əsas amillərdən biri kimi göstərilib”, – deyə ekspert bildirib.

O qeyd edib ki, kitabda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin döyüşləri bilavasitə idarə etməsi, ordu, dövlət və xalq birliyinin həlledici rolu da xüsusi qeyd olunub.

“Nəşrdə Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatlar zamanı düşməni yanlış istiqamətlərə yönəltmək və onun planlarını pozmaq məqsədilə həyata keçirdiyi taktiki addımlara da geniş yer ayrılıb. Eyni zamanda, Azərbaycan hərbçilərinin qəhrəmanlığı, ordunun əldə etdiyi imkanlar və ölkənin hərbi potensialı diqqətə çatdırılıb”,- deyə ekspert əlavə edib.

Ə.Verdiyev hesab edir ki, ABŞ mütəxəssisləri tərəfindən belə bir kitabın hazırlanması və Azərbaycan ictimaiyyətinə təqdim edilməsi müsbət ənənənin başlanğıcıdır.

“Gələcəkdə digər ölkələrin hərbi mütəxəssisləri də Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində və müharibədən sonrakı əməliyyatlarda əldə etdiyi nailiyyətlər barədə yeni əsərlər hazırlayaraq ictimaiyyətə təqdim edə bilərlər”,- deyə o vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti