Bakı.Trend:
2026-cı ilin yanvar-sentyabr aylarında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan dövlətə orta hesabla günə hesabla təxminən 9 milyon kubmetr səmt qazı, ümumilikdə isə bu dövrdə 2 milyard kubmetr səmt qazı təhvil verilib.
Bu barədə bp-nin hesabatında bildirilir.
Qazın əsas hissəsi Səngəçal terminalına, həmçinin SOCAR-ın "Neft Daşları" obyektinə yönəldilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə AÇG-dən dövlətə orta hesabla günə 8 milyon kubmetr səmt qazı təhvil verilmişdi. Beləliklə, bu göstərici illik ifadədə 12,5 faiz artıb.
Bununla yanaşı, 2026-cı ilin birinci yarısında AÇG layihəsində müstəqil qaz laylarından (non associated gas – NAG) hasilata başlanılıb. Bu, yataqlar blokunda ilk kommersiya qaz hasilatı hadisəsi olub.
AÇG-də ilk STQ hasilatı əməliyyatları 2025-ci ildə qazılmış və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layını – daha dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyən ilk hasilat quyusunda başlanıb. Quyu Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib, Qırmakıaltı Qumlu lay dəstində isə yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar edib.
STQ hasilatı əməliyyatları hazırda Qırmakıaltı Qumlu lay dəstində davam edir və ilkin dövr hasilatı olmaqla yanaşı həmçinin quyuda və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir.
Quyudan hasil edilən qaz və kondensat, neft və qaz işlənməsi sistemlərinin inteqrasiyası yolu ilə mövcud AÇG infrastrukturundan istifadə etməklə Səngəçal terminalına göndərilir ki, bu da mövcud dəniz obyektlərindən səmərəli istifadə üçün imkan yaradır.
İlk STQ hasilatı quyusundan əlavə, STQ laylarının neft ehtiyatlarını hədəfləyən bir hasilat quyusu Dərinsulu Günəşli platformasından qazılmış və plana uyğun olaraq 2026-cı ilin üçüncü rübünün sonunda işə salınmışdır. Bu quyudan həmçinin əlavə qiymətləndirmə məlumatlarının əldə olunması da gözlənilir ki, bu da STQ laylarında gələcək işlənmə imkanlarının dəyərləndirilməsinə kömək edəcək.
Qeyd edək ki, AÇG yataqlar blokunun işlənməsi layihəsinin Hasilatın Pay Bölgüsü haqqında Sazişin iştirakçıları adından operatoru BP Exploration (Caspian Sea) Limited şirkətidir.
AÇG layihəsində iştirak payları aşağıdakı kimidir: bp (operator) – 30,37 faiz, SOCAR – 35,30 faiz, MOL – 9,57 faiz, INPEX – 9,31 faiz, ExxonMobil – 6,79 faiz, TPAO – 5,73 faiz, ONGC Videsh – 2,92 faiz.
