Bakı.Trend:
2026-cı ilin yanvar-sentyabr aylarında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda 12 neft hasilatı quyusu, üç su injektoru və iki qaz injektoru quyusu qazılaraq istismara verilib.
Bu barədə bp-nin hesabatında bildirilir.
Şirkət qeyd edir ki, Şərqi Azəri platformasından qazılmış D18Z neft hasilatı quyusu, indiyədək AÇG yatağında qazılmış quyular arasında ən uzun lay təmasına malik quyu olmaqla, AÇG layihəsi üçün əlamətdar bir nailiyyətdir.
"Quyuda 2000 metrdən çox uzunluqda açıq lülə hissəsi qazılmışdır ki, bunun 1500 metrdən çoxu hədəf məhsuldar layın daxilində qum hissəsindən keçib. Bu nailiyyət AÇG yatağından əlavə dəyərin üzə çıxarılmasında qabaqcıl seysmik görüntüləmə, qazma və tamamlama texnologiyalarının rolunu bir daha vurğulayır",-deyə məlumatda qeyd olunur.
Hesabata əsasən, 2026-cı ilin ilk üç rübündə AÇG-də orta hesabla gündəlik neft hasilatı təxminən 320 min barel təşkil edib. Bu dövrdə ümumilikdə təxminən 87 milyon barel və ya 12 milyon ton neft hasil olunub.O cümlədən, "Çıraq" platformasında gündəlik 18,8 min barel, "Mərkəzi Azəri"də 84,6 min barel, "Qərbi Azəri"də 72 min barel, "Şərqi Azəri"də 45,7 min barel, "Dərinsulu Günəşli"də 46,7 min barel, "Qərbi Çıraq"da 25,3 min barel, ACE platformasında isə 26,9 min barel neft hasil olunub.
Qeyd edək ki, AÇG yataqlar blokunun işlənməsi layihəsinin Hasilatın Pay Bölgüsü haqqında Sazişin iştirakçıları adından operatoru "BP Exploration (Caspian Sea) Limited" şirkətidir.
AÇG layihəsində iştirak payları aşağıdakı kimidir: bp (operator) – 30,37 faiz, SOCAR – 35,30 faiz, MOL – 9,57 faiz, INPEX – 9,31 faiz, ExxonMobil – 6,79 faiz, TPAO – 5,73 faiz, ONGC Videsh – 2,92 faiz.
