bp "Şahdəniz" yatağından hasil olunan qaz və kondensatın həcmini açıqladı

Energetika Xəbər 4 Noyabr 2026 14:23 (UTC +04:00)
bp "Şahdəniz" yatağından hasil olunan qaz və kondensatın həcmini açıqladı
Ləman Zeynalova
Ləman Zeynalova
Baş redaktorun müavini Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın “Şahdəniz” yatağında “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından ümumilikdə təxminən 20 milyard standart kubmetr qaz və 3 milyon tona yaxın (təxminən 21 milyon barel) kondensat hasil edilib.

Bu haqda bp-nin hesabatında qeyd olunub.

Beləliklə, kondensat hasilatı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyişməz qalıb, təbii qaz hasilatı isə illik ifadədə 4,8 faiz azalıb. Ötən ilin ilk doqquz ayında yataqdan 21 milyard standart kubmetr qaz hasil edilib.

2026-cı ilin üçüncü rübündə “Şahdəniz” yatağından Azərbaycan (SOCAR), Gürcüstan (GOGC) və Türkiyə (BOTAŞ) bazarlarına, eləcə də Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin bir neçə məntəqəsinə və Avropadakı alıcılara qaz tədarükü davam etdirilib.

Hazırda “Şahdəniz” yatağının mövcud qurğularının hasilat gücü gündə təxminən 79 milyon standart kubmetr, ildə isə 28,8 milyard standart kubmetr qaz təşkil edir.

bp-nin məlumatına görə, 2026-cı ilin üçüncü rübündə “Şahdəniz-2” layihəsi çərçivəsində yatağın şimal-şərq cinahında (East North flank) yerləşən quyularda sualtı-texniki işlər davam etdirilib. Sentyabr ayında həmin sahədə dördüncü quyu işə salınıb.

"Şahdəniz 2 layihəsi çərçivəsində görülən işlər Xankəndi gəmisinin əsas iş həcmi olmaqda davam etsə də, ilin ilk doqquz ayı ərzində gəmi həmçinin AÇG yatağının Dərinsulu Günəşli ərazisində bir çox quyularda yataqda təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının erkən aşkarlanmasına kömək məqsədli sualtı müdaxilə əməliyyatlarına cəlb olunmuşdur.",-deyə hesabatda qeyd olunur.

Bu müddət ərzində Tofiq İsmayılov dalğıc gəmisi hazırda istismarda olan bütün Şahdəniz 2 və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verib.

Bu, gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafikin bir hissəsidir.

“Şahdəniz” layihəsində iştirak payları aşağıdakı kimidir: bp (operator) – 29,99%, LUKOIL – 19,99%, TPAO – 19%, Cənub Qaz Dəhlizi QSC (SGC) – 16,02%, NICO – 10% və MVM – 5%.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti