Bakı.Trend:
2026-cı ilin yanvar-sentyabr aylarında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində bp və layihə üzrə tərəfdaşları əməliyyat məsrəflərinə təqribən 401 milyon dollar, əsaslı məsrəflərə isə təqribən 1 milyard 88 milyon dollar vəsait xərcləyiblər.
Bu barədə bp şirkətinin Azərbaycandakı fəaliyyətinə dair 2026-cı ilin üçüncü rübünün yekunları üzrə hesabatında bildirilib.
"AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların interpretasiyası və inteqrasiyası bu ilin üçüncü rübü ərzində davam etmişdir. Paralel olaraq, 2027-ci ilin yanvarında başlanması planlaşdırılan üçüncü il üçün məlumat toplanması işlərinə hazırlıqlar davam etmişdir", -deyə məlumatda vurğulanır.
bp həmçinin qeyd edir ki, "Dərinsulu Günəşli" ərazisində çoxquyulu sualtı müdaxilə proqramı üçüncü rübdə təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq tamamlanıb. Proqram çərçivəsində ənənəvi üsullarla müdaxilə işlərinin aparılması çətin hesab olunan 7 sualtı quyuda müdaxilə əməliyyatları uğurla həyata keçirilmişdir.
Eyni zamanda Mərkəzi Azəri platformasında həyata keçirilən
Mərkəzi Azəri Qaz Genişləndirilməsi (CAGE) layihəsi də üçüncü rübdə
uğurla tamamlanıb. Qeyd olunur ki, layihə nəticəsində platformada
qazın yenidən laylara vurulma gücü 20% artırılıb ki, bu da mövcud
quyulardan neftverməni maksimuma çatdırmağa kömək edəcək.
Layihə çərçivəsində platformadakı mövcud dörd qazvurma kompressoru
əsaslı şəkildə modernləşdirilmişdir. Bu işlər platformadakı
əməliyyatların fasiləsizliyi təmin olunaraq, yəni hasilatın
dayandırılmasına və məşəldə əlavə qazın yandırılmasına ehtiyac
olmadan, yerinə yetirilmişdir.
Layihə çərçivəsində həmçinin qazın yenidən laylara vurulması
gücünün artırılmasına və əməliyyat çevikliyinin gücləndirilməsinə
dəstək məqsədilə kompressorun giriş xəttindəki kollektor boru
sistemində modifikasiyalar həyata keçirilib. Bu modifikasiyalar
avqust ayında Mərkəzi Azəri platformasında aparılmış profilaktik
işlər proqramı zamanı yerinə yetirilib və bunun ardınca layihə üzrə
bütün qalan yekun işlər tamamlanıb.
Qeyd edək ki, AÇG yataqlar blokunun işlənməsi layihəsinin Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından operatoru BP Exploration (Caspian Sea) Limited şirkətidir.
AÇG layihəsində iştirak payları aşağıdakı kimidir: bp (operator) – 30,37 faiz, SOCAR – 35,30 faiz, MOL – 9,57 faiz, INPEX – 9,31 faiz, ExxonMobil – 6,79 faiz, TPAO – 5,73 faiz, ONGC Videsh – 2,92 faiz.
