Bakı. Trend:
Azərbaycanda bank sektorunun 2026-2027-ci illərdə təxminən 12 faiz böyüməsi gözlənilir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası”nın (ABA) prezidenti Zakir Nuriyev çərşənbə günü Müşfiqabadda Zəfər Günü ilə bağlı keçirilən ağacəkmə aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2026-cı ilin ilk doqquz ayında bank sektorunun aktivləri 64 milyard manata yaxınlaşıb, kredit portfelinin həcmi isə 34 milyard manata çatıb. Kredit portfelinin 18 milyard manata yaxın hissəsini biznes kreditləri təşkil edib.
“Biznes kreditlərinin artım tempi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faizə çatıb. İstehlak kreditləri üzrə artım tempi isə 13 faiz təşkil edib”, – deyə o bildirib.
Z.Nuriyev qeyd edib ki, 2024–2025-ci illərdə Mərkəzi Bankın həyata keçirdiyi prudensial tədbirlər istehlak kreditlərinin artımını müəyyən çərçivəyə salmaqla biznes kreditlərinin genişlənməsinə imkan yaradıb.
O əlavə edib ki, 2026-cı ilin noyabrından qüvvəyə minəcək yeni qaydaların istehlak kreditlərinin artım tempini qismən yavaşladacağı gözlənilir.
ABA prezidentinin sözlərinə görə, bank sektorunda 4,5 milyard manatdan artıq likvid aktiv və sərbəst vəsaitin olması biznes kreditləşməsinin genişləndirilməsi üçün imkan yaradır.
“Gözləntimiz ondan ibarətdir ki, həm kiçik və orta biznesə, həm də iri biznesə ayrılan kreditlərin həcmi artacaq. 2026–2027-ci illərdə bank sektorunun illik 11–12 faiz səviyyəsində böyüməsini gözləyirik”, – deyə o vurğulayıb.
Problemli kreditlərin vəziyyətinə toxunan Z.Nuriyev bildirib ki, vaxtı keçmiş kreditlərin ümumi portfeldə xüsusi çəkisi 2,7 faizdir. Onun sözlərinə görə, bu göstərici Gürcüstan, Qazaxıstan və Türkiyə ilə müqayisəolunan səviyyədədir və sektorda müşahidə olunan problemlər əsasən ayrı-ayrı hallarla məhdudlaşır.
