bp yanvar-sentyabr aylarında AÇG üzrə hasil olunan neftin həcmini açıqladı

İqtisadiyyat Faktlar 4 Noyabr 2026 12:48 (UTC +04:00)
bp yanvar-sentyabr aylarında AÇG üzrə hasil olunan neftin həcmini açıqladı
Ləman Zeynalova
Ləman Zeynalova
Baş redaktorun müavini Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin yanvar-sentyabr aylarında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda təxminən 87 milyon barel neft hasil edilib. 2025-ci ilin müvafiq dövründə bu göstərici 89 milyon barel təşkil edib.

Bu haqda bp-nin hesabatında qeyd olunur.

Beləliklə, AÇG-də neft hasilatı illik müqayisədə 2,25 faiz azalıb.

Hesabata əsasən, 2026-cı ilin ilk üç rübündə AÇG-də orta hesabla gündəlik neft hasilatı təxminən 320 min barel təşkil edib. O cümlədən, "Çıraq" platformasında gündəlik 18,8 min barel, "Mərkəzi Azəri"də 84,6 min barel, "Qərbi Azəri"də 72 min barel, "Şərqi Azəri"də 45,7 min barel, "Dərinsulu Günəşli"də 46,7 min barel, "Qərbi Çıraq"da 25,3 min barel, ACE platformasında isə 26,9 min barel neft hasil olunub.

"Sentyabr ayının sonunda AÇG-də ümumilikdə 154 neft hasilat quyusu, 50 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub",-deyə bp-nin məlumatında vurğulanır.

Şirkətdən qeyd olunur ki, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq avqust ayında Mərkəzi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib.

"Proqram üzrə nəzərdə tutulmuş profilaktik işlər, inspeksiya və layihə işlərinin effektiv şəkildə aparılması üçün platformadan hasilat təxminən 6 gün ərzində bir qədər azaldılsa da, tam dayandırılmamışdı. Hazırda platformalarımızda tətbiq etdiyimiz qabaqcıl texnologiyalar profilaktik işlər zamanı hasilatı təhlükəsiz şəkildə davam etdirməyə imkan verir. Yeni texnologiyaların tətbiqi profilaktik işlər zamanı əməliyyatları təhlükəsiz və etibarlı şəkildə həyata keçirməyə imkan verməklə hasilata təsirləri minimuma endirməyə kömək edir. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu proqram tam təhlükəsiz şəkildə və vaxtından əvvəl başa çatdırılıb",-deyə məlumatda vurğulanır.

Qeyd edək ki, AÇG yataqlar blokunun işlənməsi layihəsinin Hasilatın Pay Bölgüsü haqqında Sazişin iştirakçıları adından operatoru BP Exploration (Caspian Sea) Limited şirkətidir.

AÇG layihəsində iştirak payları aşağıdakı kimidir: bp (operator) – 30,37 faiz, SOCAR – 35,30 faiz, MOL – 9,57 faiz, INPEX – 9,31 faiz, ExxonMobil – 6,79 faiz, TPAO – 5,73 faiz, ONGC Videsh – 2,92 faiz.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti