ABA prezidenti bank kartlarına limitlərin tətbiqindən danışıb

Maliyyə Xəbər 4 Noyabr 2026 12:07 (UTC +04:00)
ABA prezidenti bank kartlarına limitlərin tətbiqindən danışıb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Bank sektoru qanunsuz əməliyyatların aparılma meydançası deyil və maliyyə əməliyyatları müəyyən edilmiş qaydalar çərçivəsində həyata keçirilməlidir.

Bunu “Azərbaycan Banklar Assosiasiyası”nın (ABA) prezidenti Zakir Nuriyev çərşənbə günü Müşfiqabadda Zəfər Günü ilə bağlı keçirilən ağacəkmə aksiyası çərçivəsində Trend-ə açıqlamasında deyib.

O bildirib ki, banklar tərəfindən kart əməliyyatlarına ümumi məhdudlaşdırıcı limit tətbiq olunmayıb. Mövcud limitlər bütün banklar üçün eyni minimum tələblərin qorunmasına, maliyyə əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsinə və qanunvericiliyin tələblərinə riayət olunmasına xidmət edir.

ABA prezidenti qeyd edib ki, limitlər müştərilərin əsaslandırılmış ehtiyacları nəzərə alınmaqla fərdi qaydada tənzimlənir.

“Burada məqsəd müştərilərin normal maliyyə əməliyyatlarına mane olmaq deyil. Hər bir müştərinin tələbatı nəzərə alınır. Bununla yanaşı, bank sistemi qanunsuz əməliyyatların həyata keçirilməsi üçün istifadə olunmamalıdır. Kimlərsə qeyri-leqal yolla, qanunsuz kart əməliyyatları həyata keçirirdilərsə, təbii ki, onlar artıq bu limitlərə qane olmurlar. Əgər onlar o limitələrə yerləşmirlərsə, narazıdırlarsa, nəzərə almalıdırkar ki, bank sektoru qanunsuz əməliyyatların aparılma meydançası deyil”, – deyə o vurğulayıb.

Qeyd edək ki, banklar və “Azərpoçt” MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 9.5% artıb. Ödəniş kartlarında debet kartlarının sayı 11.0% artıb, kredit kartlarının sayı isə 3.9% azalıb. İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11.7% artıb. 2026-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,977 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,755 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,220 mln. manatı POS-terminallar, 2 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil edib.

Banklar və “Azərpoçt” MMC üzrə ödəniş xidməti şəbəkələrində cari ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 0.2%, POS-terminalların sayı isə 4.6% azalıb.

Əlavə edək ki, bu ilin avqust ayından ABA və AzFina bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin azaldılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə riskəsaslı yanaşmanın tətbiqi barədə razılığa gəliblər.

Razılaşmaya əsasən, hər bir ödəniş aləti üzrə gündəlik maksimum 5 mədaxil əməliyyatı, aylıq isə 20 min manatadək mədaxil nəzərdə tutulur. Məxaric əməliyyatlarına limit tətbiqi planlaşdırılmır. Müştərinin özünə və yaxın qohumlarına məxsus ödəniş alətləri, eləcə də əsaslandırılmış əməliyyatlar məhdudiyyətlərdən istisna edilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti