Bakı.Trend:
ABŞ-nin ən varlı və əhalisinin sayına görə ən böyük ştatı olan Kaliforniyaya 150 ildən artıq müddətdən sonra ilk dəfə latınamerikalı siyasətçi qubernatorluq edəcək. Demokrat Xavyer Beserra yerli seçkilərdə inamlı qələbə qazanır.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Xavyer Beserra Co Baydenin prezidentliyi dövründə səhiyyə naziri və ABŞ Konqresinin üzvü olub. "Associated Press" agentliyinin hesablamalarına əsasən, səslərin 49 faizi hesablandıqdan sonra demokrat namizəd 65,2 faiz səs toplayaraq Respublikaçılar Partiyasının namizədi, “Fox News” telekanalının keçmiş aparıcısı Stiv Hiltonu qabaqlayır.
Beserra qubernator vəzifəsində Demokratlar Partiyasının nüfuzlu siyasətçilərindən biri və Respublikaçı prezident Donald Trampın əsas siyasi rəqiblərindən sayılan Qevin Nyusomu əvəz edəcək. Nyusom 2019-cu ildən qubernator vəzifəsini tutur və hazırda ikinci müddətə bu postdadır. Bu səbəbdən onun üçüncü müddətə namizədliyini irəli sürmək hüququ olmayıb.
Nyusom “X” sosial şəbəkəsində Beserranı qələbə münasibətilə təbrik edib və onun “Meksikadan olan mühacirlərin oğlu və Kaliforniya arzusunun təcəssümü kimi prezident Donald Trampa meydan oxuyacağını” bildirib.
Qeyd eədk ki, ABŞ-də aralıq seçkilər keçirilir. Amerikalılar Senatın 100 üzvündən 35-ni, eləcə də Konqresin Nümayəndələr Palatasının bütün 435 üzvünü seçirlər. Eyni zamanda, 36 ştatda qubernator seçkiləri keçirilir.
