Azad edilmiş ərazilərin bərpasına ayrılan vəsait açıqlandı

İqtisadiyyat Xəbər 4 Noyabr 2026 12:49 (UTC +04:00)
Azad edilmiş ərazilərin bərpasına ayrılan vəsait açıqlandı
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2020–2026-cı illərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması üçün dövlət büdcəsindən 26 milyard manata yaxın vəsait ayrılıb.

Bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.

Onun sözlərinə görə, hazırda əsas vəzifələrdən biri Böyük Qayıdışın iqtisadi bazasını gücləndirmək, işğaldan azad edilmiş ərazilərdə istehsalı və məşğulluğu artırmaqdır.

E.Camalov bildirib ki, “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında 60 sahibkarlıq subyekti qeydiyyatdan keçib. Bu sənaye parklarında indiyədək təxminən 3 milyard manatlıq məhsul istehsal olunub.

Ümumilikdə, işğaldan azad edilmiş ərazilərdə özəl sektor tərəfindən 1300-dən çox layihə həyata keçirilir.

Aparat rəhbəri qeyd edib ki, cari ilin sentyabr ayında keçirilən İkinci Beynəlxalq İnvestisiya Forumunda 23 investisiya sənədi imzalanıb. İndiyədək keçirilmiş iki investisiya forumunda imzalanan müqavilələrin ümumi dəyəri isə 20 milyard dolları ötüb.

E.Camalov Milli Məclisə təqdim olunan Vergi Məcəlləsinə dəyişikliklər layihəsinin əsas məqsədinin ixrac fəaliyyəti ilə məşğul olan və şəffaf fəaliyyət göstərən sahibkarların dəstəklənməsi olduğunu bildirib.

Onun sözlərinə görə, layihədə yerli istehsaldan, xidmət ixracından və turizm sahəsində əcnəbilərə göstərilən xidmətlərdən əldə olunan gəlirlər üzrə mənfəət və gəlir vergisi güzəştlərinin tətbiqi nəzərdə tutulur.

Bununla yanaşı, mikro sahibkarlıq subyektləri kateqoriyasından böyüyən müəssisələr, eləcə də fəaliyyətini davamlı şəkildə həyata keçirən kiçik sahibkarlar üçün əlavə təşviq mexanizmlərinin yaradılması təklif olunur.

Aparat rəhbəri əlavə edib ki, səhiyyə və kənd təsərrüfatı da daxil olmaqla, bir sıra sahələrdə mövcud vergi güzəştlərinin müddətinin uzadılması da nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti