Bakı. Trend:
Azərbaycanda büdcə qaydasının tərkibində qeyri-neft baza kəsiri ilə yanaşı, cari xərclərin artım tempinə limit müəyyən edilməsi təklif olunur.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin 2027-ci ildə 17,1 faiz olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin analoji göstəricisi ilə müqayisədə 1,7 faiz bəndi azdır.
O bildirib ki, ortamüddətli dövrdə bu göstəricinin hər il orta hesabla 2,1 faiz bəndi azaldılması nəzərdə tutulur.
“İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti resurs asılılığı olan ölkələrin makroiqtisadi sabitliyini qorumaq üçün hazırlanmış ən müasir və peşəkar fiskal lövbərlərdən biridir. Hesab edirik ki, qeyri-neft baza kəsiri qaydasının yanına bir lövbər kimi cari xərclərin artım tempinin limiti əlavə edilə bilər”, – deyə V.Gülməmmədov vurğulayıb.
Hesablama Palatasının sədri əlavə edib ki, dövlət borcunun ÜDM-ə nisbəti üzrə ortamüddətli dövr üçün müəyyən edilmiş yuxarı həddə riayət olunacağı gözlənilir.
