Qazaxıstandan İsrailə maraqlı təklif - Azərbaycanın da adı hallanır

İqtisadiyyat Xəbər 4 Noyabr 2026 16:33 (UTC +04:00)
Qazaxıstandan İsrailə maraqlı təklif - Azərbaycanın da adı hallanır
Alyona Pavlenko
Alyona Pavlenko
Beynəlxalq redaksiyanın jurnalisti Bütün xəbərlər

Bakı.Trend:

Qazaxıstanın "Prodcorporation" milli şirkəti Azərbaycandan və Gürcüstandan keçməklə İsrailə 500 min tona qədər ərzaqlıq buğda tədarükü imkanlarını nəzərdən keçirir.

Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə bildirilib ki, bu barədə "Prodcorporation" şirkətinin İdarə Heyəti sədrinin müavini Samat Tenbayev Qüdsdə keçirilən Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Qazaxıstan-İsrail Hökumətlərarası Komissiyasının iclasında çıxış edərkən bildirib.

S.Tenbayev qeyd edib ki, Qazaxıstan yerli kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyasını genişləndirməklə beynəlxalq aqrar bazarda mövqelərini ardıcıl olaraq möhkəmləndirir. Hazırda ölkənin kənd təsərrüfatı məhsulları dünyanın 80-dən çox ölkəsinə ixrac olunur. Avropa, Şimali Afrika, Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələri ilə ticarət əlaqələrinin inkişafına xüsusi diqqət yetirilir.

Bu il yüksək məhsuldarlıq taxıl ixracının genişləndirilməsi üçün əlavə imkanlar yaradır. Qazaxıstan beynəlxalq bazarlarda tələbat olan və İsrailin emal müəssisələri üçün maraq kəsb edən yüksək zülal və qlüten tərkibli ərzaqlıq buğdanın əhəmiyyətli həcmlərinə malikdir.

"Prodcorporation" İsrail bazarının tələbatını nəzərə alaraq, 200-500 min ton ərzaqlıq buğda və digər kənd təsərrüfatı məhsullarının tədarükü üzrə uzunmüddətli müqavilələrin bağlanması imkanlarını nəzərdən keçirməyə hazırdır", - deyə S.Tenbayev bildirib.

Bununla yanaşı, ixracın daha da artırılmasında əsas məsələlərdən biri logistika olaraq qalır. Qazaxıstan məhsullarının İsrail tərəfdaşlarına çatdırılması üçün mümkün marşrutlar kimi Azərbaycan və Gürcüstandan keçən nəqliyyat dəhlizinin, eləcə də Baltik dənizi limanlarından istifadə etməklə alternativ istiqamətlərin nəzərdən keçirilməsi təklif olunub.

Əməkdaşlıq potensialı İsrailin taxıl bazarının tutumu ilə şərtlənir. Ölkə hər il 2 milyon tondan çox buğda idxal edir. Yağlı bitkilər, arpa və qarğıdalı da sabit tələbatla qarşılanır. Bu, Qazaxıstanın aqrar ixracının şaxələndirilməsi və iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün əlavə perspektivlər açır.

İxrac istiqamətinin inkişafı ilə yanaşı, Qazaxıstan yerli aqrar-sənaye kompleksinin (ASK) modernləşdirilməsi məqsədilə İsrailin qabaqcıl texnologiyalarının cəlb edilməsində də maraqlıdır. İsrailin məhdud su ehtiyatları şəraitində kənd təsərrüfatı istehsalının təşkili sahəsində təcrübəsi xüsusi aktuallıq kəsb edir.

Perspektivli əməkdaşlıq istiqamətləri sırasında suya qənaət edən suvarma sistemlərinin tətbiqi, təmizlənmiş tullantı sularından təkrar istifadə, istehsal proseslərinin rəqəmsallaşdırılması və kənd təsərrüfatının idarə edilməsində süni intellektdən istifadə yer alır. Bu həllərin Qazaxıstanın təbii-iqlim şəraitinə uyğunlaşdırılması su ehtiyatlarından istifadənin səmərəliliyini artırmağa, istehsal xərclərini optimallaşdırmağa və aqrar sektorun məhsuldarlığını yüksəltməyə imkan verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti