Bakı.Trend:
Ermənistan İstintaq Komitəsi “Güclü Ermənistan” partiyasının lideri, iş adamı Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” şirkəti ilə bağlı cinayət işi çərçivəsində 36 nəfəri saxlayıb.
Bu barədə TASS Ermənistan qurumunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxslər özəl sektorda vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda əmlak ziyanı vurma, etibar edilmiş əmlakı xüsusilə külli miqdarda mənimsəmə və xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasında ittiham olunurlar.
Qurumdan əlavə edilib ki, cinayət işi çərçivəsində müstəntiqlər 65 mənzildə, eləcə də şirkətlərin fəaliyyət göstərdiyi ünvanlarda axtarış aparırlar. İstintaq tədbirlərinə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin və Dövlət Gəlirləri Komitəsinin əməkdaşları da cəlb olunublar.
Ötən ilin iyulunda Ermənistan Milli Assambleyası Karapetyana məxsus “Elektrik Şəbəkələri”nin milliləşdirilməsi hüququnu hökumətə verən qanun qəbul edib. İş adamı bu qərardan məhkəməyə şikayət edib.
Qeyd edək ki, bu gün eyni zamanda Samvel Karapetyanın özü də ölkənin Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Samvel Karapetyan 2026-cı il yanvarın 19-dan ev dustaqlığındadır. O, 2025-ci ilin iyununda hakimiyyəti ələ keçirməyə çağırışlarda ittiham olunaraq saxlanılmışdı. Qətimkan tədbiri dəyişdirilənədək iş adamı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanılırdı.
