Bakı. Trend:
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tarifləri təsdiqlənib.
Bununla bağlı Xidmətin Kollegiyası qərar qəbul edib.
Qərarla internet, “Tetra” xüsusi radiorabitə, xüsusi rabitə, “AzStateNet” fiber-optik şəbəkəsindən istifadə və digər xidmətlərin, həmçinin qeyri-büdcə təşkilatları üçün korrespondensiyaların çatdırılması tarifləri müəyyənləşdirilib.
İnternet xidmətləri üzrə kanal tutumundan asılı olaraq hər 1 Mb/s üçün aylıq tarif 10–16 manat təşkil edir. “Tetra” xüsusi radiorabitə sisteminə qoşulma haqqı isə 80 manat müəyyən edilib.
“AzStateNet” şəbəkəsində aylıq qoşulma tarifləri 100 Mb/s sürətli Ethernet port üçün 300 manat, 1000 Mb/s üçün 600 manat, 10000 Mb/s üçün 2000 manatdır.
Tariflər ƏDV-siz göstərilib.
Qərar Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
