Bakı.Trend:
"Səngəçal" Terminalının Elektrikləşdirilməsi (STEL) layihəsi 2026-cı ilin üçüncü rübünün sonuna ümumilikdə 90 faiz tamamlanıb.
Bu barədə çərşənbə günü bp şirkətinin hesabatında bildirilib.
Layihə çərçivəsində terminalın “Şahdəniz-2” sahəsində əsas tikinti mərhələsindən istismar sınaqları və işəsalınmaya hazırlıq mərhələsinə keçid irəliləyib, “Azəri-Çıraq-Günəşli” (AÇG) sahəsində isə tikinti işləri davam edib. Terminal ərazisindən kənarda yerləşən “AzərEnerji”nin dövlət elektrik şəbəkəsi infrastrukturunun yenilənməsi işləri başa çatıb.
Hesabat rübündə layihə üzrə bir sıra mühüm quraşdırma və sınaq işləri tamamlanıb, istismar sınaqlarına başlanılıb, həmçinin terminalın gələcək elektrikləşdirilməsinə dəstək məqsədilə enerji təchizatı sisteminin modernləşdirilməsi davam etdirilib. Layihə çərçivəsində işəsalınmaya hazırlıq üzrə planlaşdırılmış prosesin bir hissəsi olaraq müstəqil daxili əminlik yoxlaması da başa çatdırılıb.
Layihə çərçivəsində əsas diqqət işəsalınma və dövlət elektrik şəbəkəsinə qoşulma fəaliyyətlərinin mərhələli şəkildə, terminalda əməliyyatların fasiləsizliyi təmin olunmaqla həyata keçirilməsinə yönəldilib.
Layihə üzrə işlərin iki mərhələdə başa çatdırılması nəzərdə tutulur: birinci mərhələ 2027-ci ilin ortalarında, ikinci mərhələ isə 2028-ci ilin sonunadək tamamlanacaq.
230 milyon dollar dəyərində olan STEL layihəsi terminalın “AzərEnerji” ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni infrastruktur obyektləri inşa edilir.
STEL layihəsi Cəbrayıl rayonunda 240 MVt AC gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” günəş layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir.
Bu mexanizmə əsasən, “Şəfəq” Günəş Elektrik Stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda “AzərEnerji”yə verəcək, “AzərEnerji” isə eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına ötürəcək.
Hazırkı proqnozlara və planlara əsasən, “Şəfəq” və STEL layihələrinin birgə həyata keçirilməsi Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50 faiz azaldılmasına imkan yaradacaq.
Hazırda terminal öz enerji tələbatını ödəmək üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirmədən sonra turbinlər mərhələli şəkildə demontaj ediləcək. Bu isə hazırda turbinlərdə istifadə olunan yanacaq qazının ixraca yönəldilməsinə imkan verəcək.
