bp: "Şəfəq" layihəsi çərçivəsində günəş modullarının quraşdırılması üzrə işlərin 50 faizi tamamlanıb

İqtisadiyyat Xəbər 4 Noyabr 2026 14:48 (UTC +04:00)
bp: "Şəfəq" layihəsi çərçivəsində günəş modullarının quraşdırılması üzrə işlərin 50 faizi tamamlanıb
Ləman Zeynalova
Ləman Zeynalova
Baş redaktorun müavini Bütün xəbərlər

Bakı.Trend:

Cəbrayıl rayonunda həyata keçirilən “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi çərçivəsində 2026-cı ilin üçüncü rübündə tikinti işləri davam etdirilib.

Bu barədə çərşənbə günü bp şirkətinin hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, fotovoltaik modullar və struktur komponentləri daxil olmaqla, əsas avadanlıqların təchizatı və çatdırılması başa çatdırılıb, payaların və izləyici sistemlərin quraşdırılması üzrə işlərdə əhəmiyyətli irəliləyiş əldə olunub. Elektrik-quraşdırma işlərinə də başlanılıb və onlar rüb ərzində plana uyğun davam etdirilib.

Üçüncü rübün sonuna günəş modullarının quraşdırılması üzrə işlər 50 faiz tamamlanıb.

Layihə əməyin təhlükəsizliyi sahəsində də yüksək göstəricilər nümayiş etdirib. Belə ki, layihə çərçivəsində xəsarət hadisəsi qeydə alınmadan ümumilikdə 1 milyon iş saatı tamamlanıb.

Layihə üzrə tikinti işlərində yerli işçi qüvvəsindən istifadə artmaqda davam edir. Hazırda layihəyə 444 yerli işçi cəlb olunub ki, onların 150-si işğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşan sakinlərdir. Tikintinin ən intensiv mərhələsində layihədə 700-dən çox iş yerinin yaradılacağı gözlənilir. Artan işçi qüvvəsinin yerləşdirilməsi üçün ərazidəki mövcud yaşayış blokları hazırda genişləndirilir.

Layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarınadək davam etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Şəfəq” layihəsinin dəyəri 200 milyon dollardır. Layihə Cəbrayıl rayonunda 240 MVt AC gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutur.

“Şəfəq” layihəsi Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” vasitəsilə əlaqələndirilib. Bu mexanizm terminalın “AzərEnerji” ASC tərəfindən idarə olunan dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək.

“Shafag Jabrayil Solar Limited” (SJSL) şirkətində iştirak payları belədir: “bp” (40,01%), “SOCAR Green” (39,99%), Azərbaycan Biznesinin İnkişafı Fondu (10%) və “MVM” (10%).

Məqalədə:

Xəbər lenti

Xəbər lenti