2027-ci ilin dövlət büdcəsi: əsas xərclər hansı sahələrə yönəldiləcək?

İqtisadiyyat Xəbər 4 Noyabr 2026 15:06 (UTC +04:00)
2027-ci ilin dövlət büdcəsi: əsas xərclər hansı sahələrə yönəldiləcək?
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

2027-ci ilin dövlət büdcəsi layihəsində iqtisadi fəaliyyət, müdafiə və milli təhlükəsizlik, dövlət idarəetməsi, təhsil, sosial müdafiə və səhiyyə əsas xərc istiqamətləri kimi müəyyənləşdirilib.

Büdcə sənədinə əsasən, iqtisadi fəaliyyətə 8 milyard 907,3 milyon manat, müdafiə və milli təhlükəsizliyə 8 milyard 816,4 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Ümumi dövlət xidmətləri üzrə xərclər 5 milyard 521,8 milyon manat, təhsil xərcləri 5 milyard 99 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri isə 4 milyard 375,6 milyon manat proqnozlaşdırılır.

Dövlət büdcəsində ən böyük xərc istiqaməti iqtisadi fəaliyyət olacaq. Bu sahəyə 8 milyard 907 milyon 333 min manat vəsait ayrılması nəzərdə tutulur.

İqtisadi fəaliyyət xərcləri dövlətin iqtisadi inkişafı dəstəkləmək, infrastruktur quruculuğunu həyata keçirmək, nəqliyyat, rabitə, enerji və digər iqtisadi sahələrin inkişafını təmin etmək üçün ayırdığı vəsaitləri əhatə edir.

Bu istiqamətdə tikinti və şəhərsalma işlərinə 6 milyard 3 milyon 965 min manat ayrılması planlaşdırılır. Həmin məbləğin 5 milyard 300 milyon manatı dövlət əsaslı vəsait qoyuluşu, yəni investisiya xərcləridir.

Bundan başqa, geodeziya və faydalı qazıntılar sahəsinə 9,4 milyon manat, yanacaq və enerji kompleksinə 99,9 milyon manat, iqtisadi fəaliyyətlə bağlı digər xidmətlərə isə 2 milyard 18,3 milyon manat vəsait nəzərdə tutulub.

Müdafiə və milli təhlükəsizlik sahəsinə 8 milyard 816 milyon 401 min manat ayrılması proqnozlaşdırılır. Bu istiqamət Silahlı Qüvvələrin saxlanılması, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, milli təhlükəsizlik və sərhəd mühafizəsi ilə bağlı xərcləri əhatə edir.

Ümumi dövlət xidmətləri üzrə xərclər 5 milyard 521,8 milyon manat təşkil edəcək. Bu istiqamət dövlət idarəetmə orqanlarının fəaliyyətini, qanunvericilik və icra hakimiyyəti qurumlarının saxlanılmasını, beynəlxalq münasibətləri, dövlət borcuna xidmət və digər ümumdövlət tədbirlərini əhatə edir.

Təhsil sahəsinə 5 milyard 98 milyon 986 min manat vəsait ayrılması nəzərdə tutulur. Bu məbləğ məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin fəaliyyətinin maliyyələşdirilməsini, eləcə də təhsil sahəsində tədqiqatları əhatə edir.

O cümlədən, ümumi təhsilə 2 milyard 185,4 milyon manat, məktəbəqədər təhsilə 434,8 milyon manat, ali təhsilə 240,6 milyon manat, peşə təhsilinə 115,4 milyon manat, orta ixtisas təhsilinə isə 102,1 milyon manat ayrılması planlaşdırılır.

Sosial müdafiə və sosial təminat sahəsi üzrə 4 milyard 375 milyon 635 min manat vəsait nəzərdə tutulur. Bu istiqamət pensiya və sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, sosial xidmətlərin, habelə əhalinin həssas qruplarına dəstək tədbirlərinin maliyyələşdirilməsini əhatə edir.

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının fəaliyyəti üçün 3 milyard 438 milyon 594 min manat ayrılması nəzərdə tutulur.

Bu vəsait məhkəmələrin, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması, hüquqi yardımın göstərilməsi, ictimai asayişin və hüquq qaydasının təmin edilməsi ilə bağlı xərcləri əhatə edir.

Səhiyyə sahəsinə 2 milyard 84 milyon 80 min manat ayrılması proqnozlaşdırılır. Bu xərclərə xəstəxanaların, poliklinikaların və ambulatoriyaların fəaliyyəti, tibbi xidmətlər, diaqnostika, profilaktika, qan xidməti və səhiyyə sahəsində tədqiqatlar daxildir.

Bundan əlavə, İcbari Tibbi Sığorta Fonduna 1,1 milyard manat vəsait ayrılması nəzərdə tutulur.

Kənd təsərrüfatı sahəsinə 1 milyard 379 milyon 487 min manat ayrılması planlaşdırılır. Bu vəsait aqrar sektorun inkişafına, kənd təsərrüfatı tədbirlərinə, baytarlıq xidmətlərinə, meliorasiya və suvarma sistemlərinə, balıqçılıq və balıq ovuna yönəldiləcək.

Kənd təsərrüfatı tədbirləri üçün 800,9 milyon manat, meliorasiya üçün 477 milyon manat, baytarlıq sahəsi üçün isə 53,3 milyon manat nəzərdə tutulub.

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti üzrə 643 milyon 14 min manat vəsait ayrılması proqnozlaşdırılır. Bu istiqamət mədəniyyət müəssisələrinin, televiziya və radio sahəsinin, idmanın, gənclər siyasətinin və yaradıcı birliklərin fəaliyyətinin maliyyələşdirilməsini əhatə edir.

Ətraf mühitin mühafizəsi üçün 438 milyon 615 min manat ayrılması nəzərdə tutulur. Bu vəsait biomüxtəlifliyin qorunması, torpaq və yeraltı sərvətlərin mühafizəsi, hidrometeoroloji tədbirlər, meşə təsərrüfatı, ərazilərin təmizlənməsi və çirkab suların yığılması kimi istiqamətlərə yönəldiləcək.

Ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi üçün 275,2 milyon manat nəzərdə tutulub.

Mənzil və kommunal təsərrüfatı üzrə xərclər 335 milyon 181 min manat təşkil edəcək. Bu istiqamət mənzil təsərrüfatının saxlanılması, kommunal xidmətlər, su təsərrüfatı və digər əlaqəli tədbirlərin maliyyələşdirilməsini əhatə edir.

Büdcə layihəsində əsas bölmələrə aid edilməyən xərclər 822 milyon 488 min manat müəyyənləşdirilib. Bunun 410 milyon manatı ehtiyat fondlarının payına düşür.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fonduna 300 milyon manat, Dövlət Büdcəsinin Ehtiyat Fonduna isə 110 milyon manat ayrılması nəzərdə tutulur.

Bundan başqa, əsas bölmələrə aid edilməyən digər tədbirlər üzrə 408,5 milyon manat vəsait proqnozlaşdırılır. Bu məbləğin 29,8 milyon manatı dövlət ehtiyatlarının yaradılmasına, 20 milyon manatı fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, 358,7 milyon manatı isə sosial-iqtisadi və digər tədbirlərə yönəldiləcək.

Qeyd edək ki, sadalanan məbləğlər 2027-ci il dövlət büdcəsi layihəsində əksini tapan proqnoz göstəriciləridir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti